Yevlaxa gedib-qayıtmaq üçün iki maşın oğurladı – MİNGƏÇEVİRDƏ FİLM KİMİ OĞURLUQ

Mingəçevirdə üç “VAZ-2106” markalı avtomobilin naməlum şəxs və yaxud şəxslər tərəfindən qaçırıldığı barədə Polis Şöbəsinə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA TV-yə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq  tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də bir neçə dəfə məhkum olunmuş, Mingəçevir şəhər sakini Ceyhun Nəsirov tutularaq istintaqa təqdim edilib. 

 

Araşdırma zamanı onun daha bir eyni markalı avtomobili isə Yevlax rayonu ərazisindən qaçırdığı müəyyən olunub. Belə ki, Ceyhun Nəsirov Mingəçevir şəhərindən oğurladığı avtomobil ilə Yevlax rayonu Xaldan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini yararsız hala salıb. Mingəçevirə qayıtmaq üçün isə növbəti cinayət əməlini reallaşdıraraq orada olan başqa bir “VAZ-2106” markalı avtomobili qaçırıb.

 

Saxlanılan şəxs ifadəsində hadisəni sərxoş vəziyyətdə törətdiyini və əməlindən peşman olduğunu bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv