Yevlaxda suvarma suyuna olan tələbatı ödəmək üçün yeni kanallar çəkilir
Aran bölgəsində yay aylarında suvarma suyuna tələbat çox olur. Suvarma kanallarının torpaqdan olması isə problemi daha da artırır, sızmaya və şoranlaşmaya yol açır. Bu çətinliyi aradan qaldırmaq üçün Yevlax rayonunun bir neçə kəndini əhatə edən ərazidə suvarma və drenaj şəbəkələrinin bərpası layihəsi çərçivəsində beton kanallar çəkilir.
APA TV xəbər verir ki, bu kanallardan biri, Yevlax Aqrar Tikinti İdarəsi tərəfindən çəkilən Tanrıqullar-Hürüşağı kəndləri istiqamətindəki suvarma kanalının inşası artıq yekunlaşmaq üzrədir.
Uzunluğu 8700 metr olan beton suvarma kanalının son 1 kilometrlik hissəsində işlər aparılır. Kanalın ötürücülük qabiliyyəti saniyədə 1.2 kubmetr su tutumu olacaq ki, bu da Tanrıqullar və Hürüşağı kəndlərinin suvarma suyuna olan ehtiyaclarını həll etmiş olacaq.
Layihə çərçivəsində paralel olaraq bu əraziyə yaxın olan Toxumçuluq-Tərəvəzçilik yaşayış sektoru istiqamətində, uzunluğu 6300 metr olan bir başqa kanal da inşa olunub.
Qeyd edək ki, yeni çəkilən beton kanallarla yanaşı rayon ərazisində mövcud olan kanalların 43 kilometrlik hissəsi təmizlənərək tam bərpa olunub.