“Yeznəm zəng vurdu ki, Yardımlı dağlarında narkotik var, get gətir”

Yardımlıda narkokuryerlik edən qohumlardan 21 kiloqram narkotik aşkarlanıb.

Qohumlardan biri narkotik vasitələri Yardımlı dağlarından Bakıya qədər çatdırmalı, digəri isə paytaxt ərazisində satışı təşkil etməli idi. Narkokuryerlik edən şəxslərin bu planının qarşısını Yardımlı polisi alıb. Əməliyyat nəticəsində 21 kiloqram narkotik vasitə aşkarlanıb. Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlərlə rayon sakini Eldar Bədəlov saxlanılıb. Ona məxsus 2 ədəd sintetik torbadan ümumilikdə 14 kiloqramdan artıq marixuana, 5 kiloqrama yaxın tiryək və 2 kiloqram heroin və 112 ədəd güclü təsiredən xassəyə malik həblər aşkarlanaraq götürülüb. Araşdırmalarla həmin narkotik vasitənin İran vətəndaşı olan narkotacir vasitəsilə əldə edildiyi və satışının təşkil olunması üçün Eldar Bədəlov vasitəsilə Bakı şəhərinə çatdırılmalı olduğu müəyyən edilib.

Keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri ilə onun narkotik vasitəni çatdırmalı olduğu şəxsin qohumu Emilxan Səmədov olduğu müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

İlikin Rzayev

Rövşən Almazoğlu

APA TV Yardımlı

Müəllif | Apa.Tv
Apa.tv