Yol hərəkəti qaydaları dəyişir: sürücüləri yeniliklər gözləyir
Əgər yol qəzası zamanı sağlamlığa zərər dəyməyibsə sürücü hadisə yerini tərk edə bilər. Bu zaman o heç məsuliyyətə cəlb olunmayacaq.
APA TV-nin məlumatına görə, bu, Milli Məclisdə yol hərəkəti qaydalarının sadələşməsi istiqamətində müzakirə edilən bir neçə qanundan biridir.
Ekspert Elməddin Muradlı yeni qanun layihəsinin yollarda qəza nəticəsində yaranan tıxacların aradan qaldırılmasına hesablandığını bildirir: “Əgər kiçik yol hadisəsi baş verirsə, xırda toqquşmalardan söhbət gedir, sürücülər öz aralarında razılığa gəlib, hadisə yerini tərk edə bilərlər. Hadisə yerini tərk edib hərə öz evinə getməməlidir. Təbii ki, yol polisinə müraciət edirlər, polis orada hadisəni öyrənir, protokol tərtib edib göndərir sığorta şirkətinə”.
Nəzərdə tutulan daha bir yenilik isə dayanma-durma qaydaları ilə bağlıdır. Belə ki, sürücülərə dayanma-durma qaydalarının pozulmasına görə gün ərzində ikinci dəfə cərimə tətbiq edilməyəcək.
Sürücülər də ediləcək yeni dəyişikliklərdən razıdırlar:
- Çoxdan gözlədiyimiz qərardır. Həqiqətən də gün ərzində bəzən bir neçə dəfə cərimə gəlirdi, biz sürücülər bundan narazı idik.
- Çox gözəl, bu bizim işimizi asanlaşdırır, çox gözəl qərarlardır və məncə belə də olmalıdır.
- Mən də maraqlandım, məncə də yaxşı qərar veriblər. Bu, biz sürücülər üçün daha asan üsul olacaq. Bizim də başımıza gəlib, indi çalışırıq başımıza belə şeylər gəlməsin.
Hüquqşünas Ramil Süleymanov da yeni qaydaların sürücülərin xeyrinə olduğunu bildirir: “Vətəndaşlar daha çox şikayətlənirdilər ki, eyni yerdə bir neçə dəfə, istər müvafiq texniki qurğularla, istər polis əməkdaşları tərəfindən inzibati məsuliyyətə cəlb olunurdular. Ancaq yeni düzəlişlərdən biri də odur ki, vətəndaş buna görə yalnız bir dəfə cərimə olunacaq. Vətəndaşların nəzərinə çatdırıram ki, bu düzəliş faktiki olaraq açıq şəkildə qeyd olunmayıb. Bunun izaha ehtiyacı var, çünki bu qayda hüquqşünaslar tərəfindən fərqli şəkildə şərh oluna bilər”.
Müzakirəyə çıxarılan yeniliklərdən biri də avtoxuliqanlıq xətasının törədilmə üsulunun dəqiqləşdirilməsidir. Məsələn, nəqliyyat vasitəsinin bir və iki təkərini qaldırmaq, asfalt üzərində sürətlə hərəkət etməklə səs çıxarmaq, iz buraxmaq artıq avtoxuliqanlıq sayılır: “Qanunda bu dəyişikliklər baş verirsə, dəqiqləşmə olmalıdır. Məsələn, asfalt üzərində səs çıxararaq iz buraxmaq... Tutaq ki, kiminsə qabağına ya uşaq, ya heyvan çıxır. Adam da qəfil əyləcə basır , asfalt üzərində iz buraxır və səs çıxır. Qanunda qeyd bölməsində qeyd olunur ki, bu hallarda avtoxuliqanlıq sayıla bilməz. Bu halda biri də doğrudan avtoxuliqanlıq edir, gəlib tutursunuz, deyir ki, qabağımdan it keçdi. Ortada bu cür mücərrəd məqamlar qalır. Bunlar da gələcəkdə polis-sürücü münasibətini gərginləşdirə bilər. Ona görə də bu qanunlar qəbul olunanda, onları maksimum sadə dildə izah eləmək lazım olacaq”.
Qeyd edək ki, Yol Hərəkəti Haqqında Qanuna, o cümlədən, İnzibati Xətalar Məcəlləsinə təklif edilən bu dəyişikliklər artıq Milli Məclisin plenar iclasında birinci oxunuşdan keçib. İkinci və üçüncü oxunuşdan keçdikdən və Prezident tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək.
İslam Qədirli,
Əli Ələkbər,
APA TV