Yol polisi radara düşdü, cəriməsi vətəndaşa yazıldı - RƏSMİ AÇIQLAMA
Azərbaycanda Yol Patrul Xidməti avtomobilinin radar cəriməsi vətəndaşa gəlib.
APA TV xəbər verir ki, bununla bağlı cərimə gələn şəxs özünü sosial şəbəkə hesabında məlumat paylaşıb. O bildirib ki, səhər tezdən telefonuna İmişli-Bəhramtəpə yolunda idarə etdiyi avtomobilin sürət həddini aşması ilə bağlı bildiriş gəlib. DYP avtomobilinin qaydaları pozmasını əks etdirən fotolar isə həmin protokola əlavə edilib.
Vətəndaş həmçinin həmin saatda evdə olduğunu və heç vaxt belə bir avtomobilinin olmadığını bildirib.
Məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev Lent.az-a münasibət bildirib. O, hadisənin texniki səhv ucbatından baş verdiyini və problemin aradan qaldırıldığını dilə gətirib:
“Yollarda təhlükəsizlik qaydalarının xüsusən, sürət həddinin qeydə alınması texniki avadanlıqlarla həyata keçirildiyi üçün bəzi hallarda belə səhvlər olur. Bu səhvlər isə adətən bir hərf səhvi nəticəsində baş verir. Hazırda problem dərhal aradan qaldırılıb və vətəndaşa göndərilən cərimə ləğv edilib”, - deyə Rövşən Tağıyev bildirib.