Yolda qazılan çuxur bir neçə avtomobili yararsız hala salıb - BAKIDA
Bakının Nəsimi rayonu, "Şamaxinka" kimi tanınan ərazidə qazılan çuxur sürücülərə ciddi maneə yaradır.
APA TV xəbər verir ki, köməkçi yolda qazılan çuxurun ətrafında qazıntı işlərinin aparılması ilə bağlı xəbərdaredici nişanlar qoyulmadığından bir çox sürücü çuxuru görə bilmir. Nəticədə avtomobillər çuxura düşərək zərər görür.
Çəkiliş apardığımız zaman biz də bunun şahidi olduq. Çuxur qazılıb, içərisi daş və çınqılla doldurulub, lakin xəbərdaredici nişan qoyulmayıb.
Sürücülərdən biri bildirdi ki, onun da avtomobili həmin çuxura düşüb. Sürücü qeyd edir ki, artıq bir neçə saat ərzində bu yoldan bir neçə dəfə istifadə edib və hələ də çuxurun qarşısında və ətrafında nişanlar quraşdırılmayıb. Sürücülər digər nəqliyyat iştirakçılarının da eyni problemlə üzləşməsini istəmədiklərindən çuxurun qarşısına nişanlar qoyub.
Bir qədər sonra əraziyə "Azərsu" ASC-nin əməkdaşları gəldi və avtomobillərin çuxura düşərək yola səpdiyi daş və çınqılı təmizləməyə başladılar.
Məsələ ilə bağlı qurumun əməkdaşlarına suallarımızı ünvanlasaq da, onlar cavab vermək istəmədilər.