Yolda qəzaya düşsək, kimdən təzminat almalıyıq?

Keçən həftə eyni gündə iki bacının ailəsi yer üzündən silindi. Qusarda 5 nəfərlik  ailə dəm qazının, Bakıdan onların yasına tələsən 3 nəfərlik digər ailə isə yol qəzasının qurbanı oldu.

 

Dəm qazı və yol qəzası... İllərdir bu iki bəla ölüm sayına görə ilk sıralarda gəlir.

Dəm qazı mövsümü xarakter daşısa da, yol qəzalarında ölüm halları hər il daha da artır.

 

Qəzaların bu qədər artmasının əsas səbəbi yüksək sürət və illərdir təmir edilsə də, bərbad vəziyyətdə olan yollar hesab edilir.

 

Sözügedən qəzanın faciəyə çevrilməsində də hər iki amil rol oynayır.

 

Görüntülərdən məlum olur ki, yüksək sürətlə idarə olunan avtomobil qəfildən boşluğa düşür, idarəetmə itirilir, yoldan kənara aşır.

 

Elə sürücülər arasında apardığımız sorğu da yolların bərbad durumda olduğundan xəbər verir.

 

Nəqliyyat eksperti Elməddin Muradlı da deyir ki, bu gün yol təsərrüfatında olan qüsurlar ağır yol nəqliyyat hadisələrinə səbəb olur: “Ümumi istifadədə olan yollara Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzarət edir. Bu qurumun məsələyə ciddi yanaşması vacibdir. Son hadisə də göstərdi ki, bu nə son deyil, nə də ilk. İndiyə qədər də yüzlərlə belə hadisə olub ki, yol təsərrüfatında olan nöqsan və qüsur ailə faciəsinə gətirib çıxardıb”.

 

Ekspert Rövşən Həsənov deyir ki, insan ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrinin minimuma endirilməsi üçün ilk növbədə yol infrastrukturundakı problemlər aradan qaldırılmalıdır. O zamana qədər isə sürət həddi aşağı salınmalıdır: “Yollarda inkişaf var, amma mən bu sözü bütün yollara aid edə bilmərəm. Çünki şimal istiqamətində gedən yoldan söhbət gedirsə, dövlət hesabına  vəsait ayrılsa da, özünü doğrultmadı. Belə qüsurlu yollarda yaxşı olar ki, sürət həddi aşağı salınsın”

 

Həm sürücülər, həm də ekspertlər deyir ki, əksər hallarda yollardakı qüsurlar qəza baş verəndən sonra aradan qaldırılır. Elə az öncə təqdim etdiyimiz qəzada da olduğu kimi.

 

Qəzadan sonra, elə səhəri gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi dərhal qəza baş verən yerdə təmirə başladı…Yolu asfaltladılar. Bu da onu  göstərir ki, qurum məsuliyyətini çox gec dərk edib. Niyə axı hadisə baş verəndən sonra lazımi tədbirlər görülür? Qurumun şöbə rəisi Anar Nəcəfli deyir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə Dövlət sərhəd avtomobil yolunun 28-45-ci km birləşdirən və Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən yan keçməklə inşa olunan yol 2010-cu ildə istifadəyə verilib: “2010-cu ildən bu yana ərazidə hər hansı problem olduqda cari təmir işləri icra olunur və hal hazırda da davam etdirilir. Təkcə o yoldan söhbət getmir, digər ərazilərdə də təmir işləri icra oluna bilər və bu işlər mütəmadi olaraq davam etdirilir. Yenidən qurma işləri aparılır. Ona görə də təyin olunmuş sürət limitinə sürücülər əməl etsin”.

 

Bəs belə olan halda vətəndaş yol təsərrüfatındakı qüsura görə dəymiş maddi və mənəvi zərəri həmin yola cavabdeh olan qurumundan tələb edə bilərmi? Hüquqşünas Şamil Paşayev deyir ki, əgər zərərçəkmiş şəxs hüquq müstəvisində sübuta yetirə bilsə ki, qəzaya məhz yolda olan qüsur səbəb olub, o zaman qarşı tərəfi məhkəməyə verərək təzminat almaq hüquqi var: “Bu prosedur da bir az vaxt apardığından çox təəssüf ki, buna da hər bir sürücü getmir”.

 

Ekspertlər bildirir ki, ölkəmizdə yol infrastrukturunun ən yaxşı şəkildə qurulması üçün milyonlarla vəsait ayrılsa da, hazırda yollarda ciddi problemlər var. Çala-çökək yollar, bəzən qazılmış yollarda xəbərdarlıq nişanın olmaması, silinmiş piyada zolaqları, ağzı açıq lyuklar ucbatından baş verən qəzaların səbəbi günü-gündən artır. Ümid edirik ki, istər vətəndaşlar, istərsə də aidiyyatı  üzrə məsuliyyət daşıyan qurumlar öz məsuliyyətini vaxtında dərk edəcək.

 

Nərmin Murad,

Kamran Namazov,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv