Yollar buz bağladı, avtomobillər yolda qaldı – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ
İsmayıllı və Şamaxı rayonlarına qarın yağması nəqliyyatın hərəkətində çətinlik yaradıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, şaxtalı hava səbəbindən ötən gecə Muğanlı-İsmayıllı dolayları, Ağsu aşırımı, Şamaxı-Pirqulu və Şamaxı-Göylər, eləcə də İsmayıllı-Lahıc yolu buz bağlayıb. Nəticədə sürücülər yolda qalıb.
Muğanlı-İsmayıllı yolunun buz bağlaması səbəbindən burada nəqliyyatın hərəkəti məhdudlaşıb. Həmin yolda 50-dən çox maşın qalıb. Yollarda hərəkət edə bilməyən sürücülər geri qayıtmaq məcburiyyətində qalıb.
Sürücülər deyir ki, yollara qum-duz qarışığı səpilsə də, təkrar şaxtalı hava yolda buzlaşmaya səbəb olub.
Əraziyə cəlb edilən Yol İstismar İdarəsinin işçiləri buz bağlayan ərazilərə yenidən qum-duz qarışığı səpib. Lakin axşam saatlarına doğru temperaturun aşağı düşməsi və şaxtalı havanın olması nəzərə alınaraq, sürücülərə ehtiyatlı olmaları və alternativ yollardan istifadə etmələri məsləhət görülür.