“Youtube” “Tiktok”a rəqib hazırlayır – HİNDİSTANDA TEST EDİLƏCƏK
“YouTube” “TikTok”un rəqibi adlandırdığı “Shorts”un beta versiyasını Hindistanda sınaqdan keçirəcəyini açıqlayıb.
APA TV-nin “BBC”-yə istinadən məlumatına görə, “Youtube Shorts” platformasında videoların maksimum müddəti 15 saniyəni keçməyəcək və burada “ByteDance”ın “TikTok” proqramındakı bənzər özəlliklər yer alacaq.
Qeyd edək ki, Hindistan Çinlə sərhəddə yaşadığı gərginliklərin ardınca “TikTok” və Çin mərkəzli 58 başqa proqramı qadağan edib. Buna qədər isə ölkə təxminən 120 milyonluq istifadəçisi ilə “TikTok”un ən nəhəng bazarı hesab olunurdu.
Rəqib platforma eyni zamanda “TikTok”u əvəzləməyə çalışan yerli proqramlarla da rəqabət aparacaq.
“Youtube” şirkətinin məhsul idarəetməsi üzrə vitse-prezidenti Kris Cefi proqram istifadəçilərinin təkmil parametrlər sayəsində yalnız mobil cihazlardan istifadə ilə qısa və yaradıcı videolar hazırlaya biləcəyini deyib.
Özündə fərqli videoları birləşdirən və çoxseqmentli kameranın istifadə olunduğu platformada sürət idarəetmə paneli və əlsiz çəkiliş aparmaq üçün taymer özəlliyi də olacaq. Üstəlik, istifadəçilər öz videolarına musiqi də əlavə edə biləcək.
Cefi sınaqlardan bir müddət sonra platformanın daha da yaxşılaşdırılıb, başqa ölkələrdə də istifadəyə veriləcəyini bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donalt Tramp milli təhlükəsizlik məsələlərini əsas gətirərək, “ByteDance”a bu ölkədəki səhmlərini hər hansı yerli şirkətə təhvil verməsi üçün 12 noyabr tarixinədək vaxt verib. O, “TikTok”un ələ keçirdiyi istifadəçi məlumatlarını Çin hökumətinə vermə ehtimalına görə narahatlığını olduğunu açıqlayıb. Bundan sonra Amerikanın texnologiya nəhəngi “Oracle” şirkəti “ByteDance”ın onlarla əməkdaşlıq etmək istədiyini bildirib.
Maraqlıdır ki, Hindistan da “TikTok” platformasının ölkəsində istifadə olunmasını eyni səbəblərdən qadağan edib.
Mir Çingiz Ağazadə
APA TV