21:22 23 noyabr 2021 537
Ana səhifə Xəbərlər

Yüksək təqaüd almaq üçün nə etməliyik?

Bu gün ölkəmizdə əsas müzakirə mövzularından biri də pensiyalarla bağlıdır. Suallar isə belədir: Pensiya yaşı azaldılacaq, yoxsa arta-arta gedəcək? Təqaüdlər yenidən nə vaxt artırılacaq? Pensiyalar necə hesablanır? Yüksək təqaüd almaq üçün nə etmək lazımdır?

Gördüyünüz kimi, bu əsas sualların bir qismidir. İnsanları ən çox maraqlandıran isə sonuncu sualdır. Yüksək təqaüd almaq üçün nə etmək lazımdır? Biz də bu suala cavab axtardıq.

 

Ekspertlər bildirir ki, ölkəmizdə tətbiq olunan pensiya sistemi sosial sığorta prinsiplərinə əsaslanır. İnsanlar əmək qabiliyyətli dövrdə göstərdiyi əmək fəaliyyətinə mütənasib olaraq, gələcəkdə müvafiq pensiya ilə təmin olunurlar.

 

Vətəndaşın pensiya məbləği, ilkin olaraq, onun yaşa görə pensiya hüququ yaranarkən, fərdi hesabında toplanan pensiya kapitalının 144 aya bölünməsi yolu ilə formalaşır.

 

İqtisadçı ekspert Rəşad Həsənov  deyir ki, vətəndaşların da bu prosesə faktiki təsiri var: “Birincisi əməyin leqallaşdırılması prosesində daha təşəbbüskar olmalıdırlar. Başa düşüləndir, əmək bazarında rəqabət şəraiti, sahibkarların diktəedici mövqedə olması, bir çox hallarda əməyin leqallaşdırılmasına soyuq münasibəti olur. Çünki bu sahibkarlar üçün əlavə xərc yaradır. Belə olan formada əməyi illegal formada təşkil etməyə çalışırlar”.

 

Rəşad Həsənov bildirir ki, vətəndaş işlədiyi dövrdə yaxşı gəlir əldə edə bilirsə, öz fərdi hesabında əlavə vəsaitlər toplaya bilər: “Həmin hissədə toplanmış vəsaitlər indeksasiya olunur, həmçinin onların işlədilməsində əlavələr toplanır həmin vəsaitlərin üzərinə. Amma Azərbaycanda bu praktikadan demək olar ki, istifadə olunmur. Eyni zamanda özəl pensiya fondlarının da olmaması bu istiqamətdə imkanları məhdudlaşdırır”.

 

Digər iqtisadçı ekspert Natiq Cəfərli isə söyləyir ki, təqaüdlərlə bağlı qərarların tez-tez dəyişdirilməsi vətəndaşlarda da haqlı narazılıqlar yaradır: “Bu sahədə yeni yanaşmalara ehtiyac var. Pensiya yaşının artırılması ilə bağlı qərarda  Azərbaycan səhv elədi. Çünki xaricdə gedən proseslərdə paralel addım atıldı zamanında. Avropada isə pensiya yaşının artırılması demoqrafik basqı ilə əlaqəlidir.”

 

Natiq Cəfərli həmçinin bildirir ki, Dövlət Sosial Müdafiə Fondu yaradılarkən özünü mailiyələşdirəcəyi bildirilmişdi, lakin bu gün ən çox dotasiya alan qurumlardan biridir.

 

Mütəxəssislərin fikrincə, təqaüdlərin az olması birbaşa əmək haqlarının az olması ilə əlaqəlidir. Əksər hallarda vətəndaşlar minimum əmək haqqı ilə çalışmasalar da, əmək haqları minimum əmək haqqı səviyyəsində qanuniləşir.

Ekpertlər düşünür ki, pensiya yaşında baş verən bu artımın davam etməyəcəyini kimsə təminat altına almayıb. Yəni heç kim zamin durmur ki, 65 yaşdan 67 yaşa çatdırılmayacaq. Azərbaycanda orta ömrün 71 il olması və pensiya yaşına çatmadan həyatını itirənlərin sayı aidiyyatı qurumların bu mövzuda yenidən düşünməsinə əsas yaradır. 

 

Nərmin Murad

Kamran Namazov

APA TV

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın