“Yüksəliş” müsabiqəsinə qeydiyyat başa çatdı

 “Yüksəliş” müsabiqəsinin hər bir qalibinə ayrılacaq 20 min manat qrantın 10 min manatı müsabiqə bitəndən sonra 1 il ərzində mütləq təhsilə xərclənməlidir”.

APA TV-nin xəbərinə görə, bunu bu gün “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinin başa çatması ilə bağlı keçirilən mətbuat konfransında Gənclər və idman nazirinin müavini, "Yüksəliş müsabiqəsi" ilə bağlı yaradılan işçi qrupunun rəhbəri Fərhad Hacıyev deyib.

Onun sözlərinə görə, müsabiqənin qaliblərindən sonradan dövlət qulluğuna qəbul üçün imtahan tələb olunmayacaq. Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə də artıq danışıqlar aparılıb. Hətta bununla əlaqədar dövlət qulluğuna qəbul qaydalarında da dəyişiklik edilməsi nəzərdə tutulur: “Müsabiqənin qalibləri kadrların ehtiyat bankına daxil ediləcək. Həmin şəxslərin hansı müddətdə kadr bankında qalacağına gəlincə, həmin şəxslərin uzun müddət kadrların ehtiyat bankında qalacağına inanmıram. Bu gün ölkədə aparılan islahatları da nəzərə alsaq, yəqin ki, onlar qısa müddətlə müvafiq işlə təmin olunacaqlar. Hətta bəzi qurumlar var ki, nəinki qaliblər, finala çıxacaq namizədlərlə belə işləmək istədiklərini ifadə ediblər.”.

İşçi qrupunun rəhbəri “Yüksəliş” müsabiqəsində imtahan suallarının sızması, o cümlədən onlayn mərhələdə müsabiqə iştirakçısının kənar yardımdan, digər vasitələrdən hansı dərəcədə sui-istifadə etmək imkanlarının olduğu və bunun hansı nəticələrə yol aça biləcəyinə aydınlıq gətirib: “Həmin suallar Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanacaq və həmin sualları hazırlayan müəllimlər bunkerdə olacaq, mərhələ başa çatana qədər bunkerdə qalacaqlar”.

 

Dövlət İmtahan Mərkəzinin şöbə müdiri  Natiq Əliyev isə qeyd edib ki, onlayn mərhələdə imtahan zamanı bir sual üçün ayrılan 30 saniyə ərzində hansısa namizəd bir sualı cavablandırmırsa, sistem növbəti suala keçir. Əgər namizəd 30 saniyə ərzində qeyri-adi bacarığa malik olub, həmin suala cavab tapmaq üçün başqa vasitədən istifadə etsə, həmin suala uyğun suallar müsabiqənin əyani mərhələsində də veriləcək. Beləliklə, də əyani mərhələdə iştirakçının onlayn mərhələdə kənar yardımdan istifadə edib etmədiyi müəyyənləşdiriləcək.

 

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsindən keçən 11.760 nəfərdən 9.775-i müsabiqəyə qəbul edilib. Müsabiqəyə qəbul edilənlərin 2339 nəfəri qadın, 7436 nəfəri kişidir.

 

Xatırladaq ki, sabah "Yüksəliş" müsabiqənin növbəti - onlayn mərhələsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı keçiriləcək. Fevralın 16-da müsabiqənin onlayn mərhələsinin ümumi bilik üzrə əsas imtahanı təşkil ediləcək.

Müəllif | Apa.Tv
Apa.tv