Yuxarı ətrafları amputasiya olunanlar protezlə təmin ediləcək

Yaxın günlərdə ölkədə ilk dəfə yuxarı ətrafları amputasiya olunmuş qazilərin yüksək texnologiyalı protezlərlə təminatı prosesinə başlanılacaq.

 

APA TV xəbər verir ki, artıq bu məqsədlə xarici  şirkətinin istehsal etdiyi protezlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gətirilib.

 

Mərkəzin direktoru Asif Məcidov deyir ki, ilkin mərhələdə Vətən müharibəsində yuxarı ətraflarını itirmiş 10 qazi, ümumilikdə isə 29 qazi yüksək texnologiyalı protezlərlə təmin ediləcək: "Bunun üçün şirkətin Rusiya nümayəndəliyinin mütəxəssisləri ilə birgə həmin qazilərdən müvafiq ölçülər götürülüb. Protez-ortopedik sənaye sahəsində ən qabaqcıl texnologiyaya malik olan şirkət, yuxarı ətrafları amputasiya olunmuş insanlar üçün yüksək funksionallıq və proqram təminatı ilə fərqlənən ən müasir bionik protezlərin istehsalını həyata keçirir. Protezlərin xüsusi proqram təminatı istifadəçinin sosial həyata daha tez və rahat inteqrasiyasına imkan yaradır. Ultra bioelektrik əl darağının 18 fərqli tutma malik variantı mövcuddur, komplektə istifadəçinin seçiminə uyğun fərqli rəng və ölçülərə malik 6 silikon əlcək da daxildir".

 

Gədəbəy rayonundan könüllü olaraq döyüşlərə qoşulan Əlviz Rzayev sağlamlığını Vətənin müdafiəsi yolunda itirib. Deyir Şuşanın  düşməndən azad olmasında birbaşa iştirak edib. Elə Qələbə sevincini də Şuşada yaşayıb. Təəssüf ki, düşmənin basdırdığı minanın partlaması nəticəsində noyabrın 15-də ağır yaralanaraq sol qolu amputasiya edilib: “İlk dəfə mart ayında ölçü götürüldü. İndi isə gəlmişik protezin quraşdırılmasına. Bu protez heç olmasa müəyyən dərəcə əlimizin işlək vəziyyətə gətirilməsinə kömək edəcək”.

 

Milliyətcə tatar olan Rasim Yaxin də Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi Şuşa uğrunda gedən ağır döyüşlərdə iştirak edib. Qəlpə yarası almasına baxmayaraq döyüşü davam etdirən Rasim, daha sonra döyüş yoldaşları ilə bərabər minaya düşüb və ağır yaralanıb: “Döyüş zamanı biləyimi və sol gözümü itirmişəm. Mən təşəkkür edirəm ölkə rəhbərliyinə ki, bizi yeni nəsil bio-protezlərlə təmin edib. Hazırda yoxlanışdan keçirəm. Hər şey hələ ki, yaxşıdır”.

 

Qeyd edək ki, 2020-ci ilin dekabr ayından qazilərin yüksək texnologiyalı elektron protezlərlə təminatına başlanılıb. Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə aşağı ətraflarını itirmiş 142 hərbçi son nəsil protezlə təmin edilib.

 

İlahə Vəliyeva,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv