Yuxarı siniflər və universitetlərdə ənənəvi tədrisin bərpa olunmasıyla bağlı TN-in mətbuat konfransı

Bakı, Sumqayıt, Abşeronda yuxarı sinif şagirdləri üçün fevralın 15-dən əyani tədris bərpa olunacaq.

 

Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib. Onun sözlərinə görə, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla ənənəvi formada bərpa olunacaq. O bildirib ki, müəllimlər də risk qrupunda olduğu üçün vaksinasiya olunacaqlar.

 

Vəfa Yaqublu onu da bildirib ki, bu gün epidemioloji vəziyyətin pisləşməsi fevralın 15-nə təsir etməyəcək, fevralın 24-nə təsir edə bilər.

 

Onun sözlərinə görə, hələ ki, vəziyyət stabildir: "Ona görə də fevralın 8-də və 15-də dərslər açılacaq. X-XI siniflərlə bağlı vaxt müəyyən olunmayıb, amma mərhələ-mərhələ ona doğru da gedirik. Peşə təhsili müəssisələrində də ancaq praktiki dərslər əyani olacaq. Digər dərslər isə virtual olacaq. Eyni zamanda tibb, mühəndislik, yaradıcılıq üzrə praktiki məşğələlər əyani olacaq. Xüsusi karantin rejimi qüvvədə olduğu müddətdə valideyn əyani dərsdən imtina ilə bağlı iltizam forması yazmalıdır. Çox spesifik hallar olur ki, bütün sinif iltizam forması imzalayır, belə halda məktəb səviyyəsində həmin müəllimin bütün dərsləri virtual keçməsi barədə qərar verilə bilər. Bu məsələ müəllimlə, valideynlə müzakirə olunaraq, hər bir tərəfin razılığı ilə qərar veriləcək. Summativ qiymətləndirmə birinci yarım ilin sonunda bir dəfə keçirildi. İnternetə çıxışı olmayan, ümumiyyətlə, iştirak edə bilməyən şagirdlər üçün fevral ayı ərzində qiymətləndirmə keçiriləcək. Bu ayın sonunda biləcəyik ki, nə qədər uşaq distant, nə qədəri əyani qiymətləndirmədən keçib. Valideynin kömək etdiyi şagirdlər var, bu isə akademik nadürüstlükdür, birgə öyrənmək çox effektlidir, qiymətləndirmə isə fərdidir. Bu, sistem kimi şagirdə də lazımdır ki, şagird özü də nə qədər bildiyini öyrənsin. Summativ qiymətləndirmənin qaneedici olub-olmadığı ayın sonunda bilinəcək”.

 

Müəllif | Apa.Tv
Apa.tv