Zahid Oruc: “Bişkek protokolu” və “Atəşkəs müqaviləsi”ni artıq qüvvədən düşmüş saymaq olar”
Milli Məclisin payız sessiyasının ilk plenar iclası keçirilib.
APA TV-nin xəbərinə görə, iclasın gündəliyinə 22 məsələ daxil edilib.
Milli Məclisin sədri Sahibə Qafarova cəbhədə baş verən gərginliklə bağlı danışaraq bildirib ki, Prezidentin də dediyi kimi bizim uğurlu əks-hücum əməliyyatımız 30 illik işğala son qoyacaq.
Onun sözlərinə görə, məsələ elə həll edilməlidir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun: “Düşmənin təxribatı barəsində doğru məlumatları dünya ictimaiyyətinə çatdırmaq, ermənilərin iç üzünü açmaq üçün parlamentin də səlahiyyətlərindən istifadə edilir. Türkiyə Böyük Millət Məclisi, Pakistan parlamentinin sədri, ATƏT-in Parlament Assamblyesının sədri ilə telefonla danışmışam, Türkiyənin TRT kanalına canlı müsahibə vermişəm. Ermənilərin törətdiyi təxribat, azərbaycanlılara, mülki əhaliyə qarşı hücumları barədə məlumat vermişəm. Baş verənlərə görə, bütün məsuliyyəti Ermənistan rəhbərliyinin daşıdığını demişəm. Bu günlərdə TBMM-də təmsil olunan 4 siyasi partiya birgə bəyanat verib və Ermənistanın Azərbaycana qarşı hərbi hücumlarını pisləyib. Eləcə də İtaliya və Almaniya parlamentlərində fəaliyyət göstərən işçi qrupları da bizi dəstəklədiyi üçün təşəkkür məktubu göndərmişəm”.
Deputat Qüdrət Həsənquliyev isə Xarici İşlər, Müdafiə nazirliklərinin nümayəndələrinin Milli Məclisə dəvət olunmasını və qapalı iclas keçirilməsini təklif edib: “Bizim torpaqlarımız zamanında Rusiyanın hərbi birləşmələrinin dəstəyi ilə işğal olunub. Digər tərəfdən Merkelin, Makronun Prezident İlham Əliyevə insan ölümündən narahat olmaqla bağlı müraciətləri var. BMT TŞ təcili toplanır. Bu gün bunu edənlər niyə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına mane olmurdular?! Azərbaycan tərəfi bunların heç birinə, BMT-nin yeni qətnaməsinə məhəl qoymamalıdır. Necə ki, Ermənistan neçə illərdir bunu edir. Biz müharibə dövründə də, atəşkəs dövründə də çox sayda insan itirmişik. Azərbaycan xalqının haqqı var ki, səfərbərliyə getsin, itkilərdən, dağıntılardan qorxmadan öz torpaqlarını azad etsin”.
Milli Məclisin sədri Sahibə Qafarova isə Qüdrət Həsənquliyevin təklifinə cavab olaraq hərbi vəziyyətlə əlaqədar iclasın qapalı keçirilməsinin düzgün olacağını düşünmədiyini bildirib.
Deputat Zahid Oruc isə Prezident İlham Əliyevin ötən gün “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında çıxışına toxunaraq bildirib ki, Prezident bu çıxışı ilə informasiya savaşında da uğurlu mövqe təqdim edib: “Azərbaycan Ordusu yeni hərbi siyasi reallıq yaradır. Azərbaycan Prezidentinin qətiyyətli qərarları Ermənistanı, Minsk qrupunu və iri dövlətləri hərəkətə gətirib və çözüm variantlarının tapılması üçün yollar aranır. Lakin bir fakt hamıya gün kimi aydındır - birinci Qarabağ müharibəsinin nəticəsi olaraq imzalanmış “Bişkek protokolu” və “Atəşkəs müqaviləsi”ni artıq qüvvədən düşmüş saymaq olar”.
Deputat Qənirə Paşayeva isə təklif edib ki, əməkhaqqlarının böyük bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna bağışlasaq, bu, cəmiyyətdə imkanı olan insanlara çağırış olar.
Deputat Məlahət İbrahimqızı isə hesab edir ki, cəbhə bölgələrində yaşayan əhaliyə müəyyən güzəştlər edilməlidir. Çünki, təcavüzkar Ermənistanın vaxtaşırı atəşkəs rejimini pozması və ağır artilleriyadan atəş açması nəticəsində cəbhə bölgəsində yaşayan əhaliyə çox böyük ziyan dəyir. Buna görə də, bəzən cəbhə bölgəsində yaşayan sakinlər yaşadıqları ərazini tərk etmək məcburiyyətində qalır. Bunları nəzərə alaraq, cəbhə bölgəsində daimi yaşayan insanlara hansısa formada müəyyən güzəştlərin verilməsi yaxşı olardı.