Zahid Oruc: “İnsanlar büdcədən oğurlanan pulların geri qaytarılmasını istəyir”

“Dinc dövrdən fərqli olaraq, böhran dövründə liderlik fərqli fenomendir”.

 

APA TV-nin məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatı və “Pandemiya ilə mübarizədə dövlətin ani-böhran siyasəti ictimai rəydə” analitik hesabatının təqdimatı ilə bağlı keçirilən brifinqdə mərkəzin İdarə Heyətinin sədri Zahid Oruc bildirib.

 

Onun sözlərinə görə, altı rayonun İcra Hakimiyyətinin başçısı həbs olunub, həmin rayonlarda 1 milyona qədər insan yaşayır: “Bu, özü bəlkə də yerli icra hakimiyyətləri sistemində daha böyük islahatların aparılmasını zəruri edib. Ona görə də biz yalnız dörd-beş icra hakimiyyəti orqanının fəaliyyəti ilə bağlı deyil, ölkə miqyasında bütün yerli icra hakimiyyətləri ilə bağlı tədqiqatlar aparılmasını vacib sayırıq”.

 

Sədr qeyd edib ki, xalqın birliyini qoruyub saxlamaq və məsuliyyəti öz üzərinə götürmək baxımından heç bir qurum, təşkilat Prezident İlham Əliyevi əvəz edə bilməz: “Biz görürük ki, indi insanlarımız tək cəza tədbirlərini deyil, cinayəti sübut olunsa, korrupsionerlərin büdcədən oğurladıqları pulların geri qaytarılmasını vacib sayırlar. Prezidentin korrupsiyaya qarşı mübarizədə fəaliyyəti cəmiyyətdə yüksək qiymətləndirilir. Ancaq qurumların korrupsiyaya qarşı mübarizəsinə münasibət fərqlidir. Ona görə düşünürük ki, biz korrupsiyaya qarşı mübarizədə bütün qurumların effektivliyini araşdıraq. Biz Prezidentin dilindən “xain məmurlar” ifadəsini eşidirik”.

 

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədr müavini Elşad Mirbəşiroğlunun sözlərinə görə, keçirilmiş sorğunun nəticələri aydın göstərir ki, əhali ordu quruculuğu istiqamətində də Prezidentin fəaliyyətini kifayət qədər yüksək qiymətləndirir: “Rəyi soruşulanların 70,7%-i, yəni mütləq çoxluğu ölkə prezidentinin ordu quruculuğu istiqamətindəki fəaliyyətinin çox səmərəli olduğunu düşünür. 24,6% respondent isə bu istiqamətdə dövlət başçısının fəaliyyətini əsasən səmərəli hesab edir. Əks mövqedən çıxış edən vətəndaşların faiz dərəcəsi 2,5%-ə bərabərdir. Ordu quruculuğu istiqamətində səmərəli fəaliyyət ölkə prezidentinə olan inam və etimadın artmasını şərtləndirən əsas amil rolunda çıxış edir. Belə ki, prezidentə olan inam və etimadın artdığını bildirən 24,6% respondentin 82%-i ordu quruculuğu istiqamətində onun fəaliyyətini çox müsbət qiymətləndirir. Hətta inam və etimadının azaldığını bildirən 2,6% respondentin 27,6%-i də ordu quruculuğu istiqamətindəki fəaliyyəti müsbət qiymətləndirir”.

 

Beynəlxalq və milli səviyyədə yeni çağırışlar, inkişaf hədəfləri dövlət idarəçiliyi sahəsində çevikliyin və səmərəliliyin artırılmasını zəruri etdiyini bildirən Elşən Mirbəşiroğlu əlavə edib ki, ölkədə xüsusilə son dövrlərdə korrupsiyaya qarşı mübarizə intensiv xarakter alıb: “Həyata keçirilən həm kadr islahatlarının, həm də institusional islahatların əsas hədəflərindən biri də məhz korrupsiya hallarının qarşısının alınmasından ibarətdir. Bu istiqamətdə ölkə prezidentinin fəaliyyəti 56,1% respondent tərəfindən çox səmərəli, 27,2% respondent tərəfindən isə əsasən səmərəli qiymətləndirilib. Bununla yanaşı, korrupsiyaya qarşı mübarizə sahəsində cəmiyyətdə hələ müəyyən gözləntilərin qaldığı müşahidə olunur. Belə ki, rəyi soruşulanların 12,3%-i sözügedən istiqamətdə görülən işlərin çox da səmərəli olduğunu düşünmür. 4,4% respondent isə fikir bildirməkdə çətinlik çəkib. Korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən fəaliyyətə müsbət münasibət bildirən 56,1% respondentin 36,5%-i Nazirlər Kabinetinə, 33,4%-i isə Milli Məclisə etibar etdiyini qeyd edib”.

 

Bundan əlavə, ölkə prezidentinin təhlükəsizlik və xarici siyasət sahələrində atdığı çevik strateji addımlar daim diqqəti cəlb etdiyini vurğulayan sədr müavini bildirib ki, hazırkı mərhələdə Azərbaycan beynəlxalq münasibətlər sistemində kifayət qədər ciddi mövqelərə malik olmaqla, çoxistiqamətli səmərəli əməkdaşlıq sistemini qura bilib. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən rəyi soruşulanların əksəriyyəti də bu qənaəti bölüşür.

 

Mir Çingiz Ağazadə

Əli Ələkbər

APA TV

Müəllif | Apa.Tv
Apa.tv