Zaqatalada 28 yaşlı gənc necə güllələndi
Zaqatalada ov tüfəngi ilə ehtiyatsız davranan 28 yaşlı gənc hadisə yerində dünyasını dəyişib.
Dünən axşam saatlarında Zaqatala rayonunun Lahıc kəndindəki meşəlik ərazidə kənd sakini, 28 yaşlı Cavidan Muradovun ov tüfəngindən açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.
Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları tərəfindən baxış keçirilib. İlkin araşdırma zamanı Cavidan Muradovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində silahdan açılan atəşdən öldüyü müəyyən edilib.
Ötən gün axşam saatlarında Cavidan Muradov qardaşı və dostu ilə birlikdə “Muravey” markalı mopetlə kəndin ərazisindəki meşəlik yerdə şəxsi təsərrüfatına işləməyə gediblər. Hadisə Cavidan Muradov “Muravey”i idarə edərkən əlində tutduğu silahla ehtiyatsız davrandığı üçün baş verib. Cavidan Muradov aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, dünyasını dəyişən gənc 44 günlük vətən müharibəsi iştirakçısı olub.