Zaqatalada evi ildırım vurdu, yanğın baş verdi

Zaqatalada fərdi yaşayış evini ildırım vurub.

APA TV-nin  məlumatına görə, təbiət hadisəsi zamanı Zaqatala şəhəri Yeni yaşayış massivi adlanan ərazidə Həbib Muxtarova məxsus, ümumi sahəsi 135 kvadratmetr olan fərdi yaşayış evində yanğın baş verib.

Yanğın nəticəsində evin dam örtüyünün 50 kvadratmetr sahəsi və mətbəx qismən yanıb.

Alovun söndürülməsi üçün əraziyə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov baş verən evdə hazırda yaşayış olmadığı üçün hadisə zamanı xəsarət alan olmayıb.

Şahidlərin sözlərinə görə, yanğın ildırım vurması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv