Zaqatalada itkin düşən hindistanlı turistin axtarışları davam edir

Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, Azərbaycanın Zaqatala rayonu ərazisindən keçən hissəsində itkin düşən Hindistan vətəndaşı 1993-cü il təvəllüdlü Kondaveeti Manikathinin axtarışları davam edir.

APA TV-nin əməkdaşları turistin axtarışlarının hansı mərhələdə olması ilə maraqlanıb.

May ayının 11-i  Zaqatalaya turist kimi gələn Kondaveeti rayon mərkəzində fəaliyyət göstərən otellərin birində gecələyib. Kondaveetinin qaldığı oteldən APA TV-nin yerli bürosuna verilən məlumata görə, o otelə qayıdacağını bildirsə də geri dönməyib, onun şəxsi əşyaları bir neçə gün otaqda qaldıqdan sonra Hindistan dövlətinin ölkəmizdəki səfirliyinin nümayəndələrinin iştirakı ilə Zaqatala rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun rəhbəri Mahir Məsimov APA TV-nin sorğusuna cavab olaraq bildirib ki, hazırda axtarışlara dronlar cəlb olunub.

Qeyd edək ki, turist marşrut üzrə bir-neçə dağ aşırımı keçərək Car kənd inzibati ərazisinin yaxınlığındakı el arasında “Şamilovka” kimi tanınan dağ massivinə gəlməli olub.  Hindistanlı turistin marşrut üzrə hərəkət etdiyi ərazidə, yaxud da ərazinin yaxınlığında itkin düşdüyü ehtimal edilir.

 

Vüqar Heydərov, Əhməd Fərruxoğlu,  APA TV

Müəllif | Apa.Tv
Apa.tv