Zaqatalada karantin qaydalarını pozan şəxslər cərimələndi

Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə ictimai iaşə müəssisələrində reyd keçirilib.

APA TV-nin məlumatına görə, iri supermarketlərdə, gözəllik salonlarında, restoranlarda və  digər qapalı məkanlarda keçirilən reyd zamanı operativ qərargahın  müəyyən etdiyi qaydalara əməl etməyən şəxslər aşkarlanıb.

Belə ki, mağazalarda bəzi satıcı və müştərilərin tibbi maskadan istifadə etmədiyi məlum olub. O cümlədən gözəllik salonlarının sahibləri və onların müştərilərinin də qayda pozuntuları müəyyən edilib.

Polis əməkdaşları həmin şəxslərlə profilaktik söhbətlər aparıb və qaydalara riayət etməyin vacibliyini onlara izah edib. Obyekt sahiblərinə virus əleyhinə  tədbirlərə düzgün riayət olunması ilə bağlı ciddi xəbərdarlıq olunub, qaydaları pozan vətəndaşlara isə cərimə protokolu tərtib olunub.

Reyd ictimai nəqliyyatda da davam etdirilib. Burada da bəzi sürücü və sərnişinlərin qoyulan tələblərə biganə yanaşdığı aşkarlanıb. Onların da barəsində qanuna müvafiq tədbirlər görülüb.

 

Müəllif | Apa.Tv
Apa.tv