Zaqatalada kollecdə yanğın – XƏSARƏT ALAN OLMAYIB
Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində yanğın olub.
APA TV-nin yerli bürosunun məlumatına görə, rayonun Nizami küçəsində fəaliyyət göstərən kollecdə yanğın bu gecə saat 03:40 radələrində baş verib.
Yanğın nəticəsində kollecin əsas binasının yanar konstruksiyaları içərisindəki avadanlıqla birlikdə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Yanğının genişlənərək kollecin digər iki binasına keçməsinin qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci 2002-ci ildə Nazirlər Kabinetinin Qərarına əsasən Zaqatala Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılıb.
Faktla bağlı araşdırma aparılır.