Zaqatalada leysan və dolu fəsadlara səbəb olub
Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti bəzi problemlərə səbəb olub.
Bu gün saat 11-dən 13-dək Balakən və Zaqatala rayonlarında qeyri-sabit hava şəraiti hökm sürüb. İki saat güclü küləkli hava şəraiti müşahidə edilib, leysan yağıb, bəzi ərazilərə qısamüddətli dolu düşüb.
Leysan daha çox Zaqatala rayonunda müşahidə edilib. Rayon mərkəzinin bəzi ərazilərinə, Yuxarı Tala, Aşağı Tala kəndlərinə və Əliabad qəsəbəsinə dolu düşüb. Dolu meyvə ağaclarına ziyan vurub.
Qeyri-sabit hava şəraiti ilə bağı rayon ərazisində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Yağıntı dayandıqdan sonra rayon mərkəzinə elektrik enerjisinin verilməsi bərpa edilib. Rayonun digər ərazilərinə elektrik enerjisinin verilməsi istiqamətində işlər aparılır.
Hava şəraitinin kəskin dəyişməsi nəticəsində yüksək dağlıq ərazilərə qar yağıb.
Bölgəyə yağan leysan yağışlarından sonra Balakənçay, Katex, Talaçay, Böyükçay çaylarında suyun səviyyəsi artıb, Balakənçay çayından isə qısamüddətli sel keçib.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV