Zaqatalada ölmüş adam nikaha necə daxil edilib?

Eşidənləri şoka salan bir alqı-satqı hekayəsinin izi ilə Zaqatala rayon Göyəm kəndinə gəlmişik. Kənd sakini Qurban Laçın oğlu Məmmədov bildirir ki, mərhum atasına aid fərdi yaşayış evi, evə məxsus həyətyanı sahə və pay torpağı rayon sakini Ramin Şərifov adlı şəxs tərəfindən zəbt edilib. Kənd sakini deyir ki, Ramin Şərifov adlı şəxs atası öldükdən iki gün sonra qapını kəsdirib ki, bu evi atan bizə satıb.

 

Vəziyyəti belə görən Qurban Məmmədov evi aldığını iddia edən şəxsi məhkəməyə verir. Məhkəmənin qərarı ilə 2020-ci ildə alqı-satqı ləğv edilir. 

 

Şikayətçi bildirir ki, Ramin Şərifov adlı şəxs evi aldığını desə də ailənin dörd uşağının bu alqı-satqıdan xəbəri olmayıb. Qurban Məmmədov və onun bacı-qardaşları iddia edirlər ki, evin satıldığını göstərən sənədlərdə bəzi qanunsuz hərəkətlər edilib. Belə ki, ailənin digər oğlu, Qurban Məmmədovun qardaşı İtaliyada yaşayan Əli Məmmədovun öldüyünü göstərən şəhadətnamə alınıb. Ölmüş anaları isə ataları ilə rəsmi nikaha düşmüş göstərilib.

 

Qonşular da bildirir ki, Ramin Şərifov adlı şəxslə mərhum Laçın Məmmədovun danışıqlarına dəfələrlə şahid olublar və bu danışıqların əksəriyyətində mərhum Laçın Məmmədov adı çəkilən şəxsdən öz pulunu tələb edib.

 

Məsələ ilə bağlı adı çəkilən şəxs Ramin Şərifovla görüşdük. Ramin Şərifov mərhum Laçın Məmmədova məxsus evi və torpaq sahəsini tam qanuni şəkildə aldığını bildirdi.

 

Hüquqşünas Şamil Paşayev isə bildirir ki, məsələ prokurorluq orqanlarında araşdırılmalı, bundan sonra məhkəmə işə yenidən baxmalıdır.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Zaqatala rayonunun Göyəm kənd sakini Qurban Məmmədovun ölümlə hədələnməsi barədə etdiyi müraciət əsasında polis şöbəsində araşdırma aparılıb:

 

“Qurban Məmmədov, arvadı və şikayət etdiyi Ramin Şərifovun izahatları alınıb.  Araşdırma zamanı məlum olub ki, R.Şərifov Q.Məmmədovun atası Laçın Məmmədovla notarial qaydada alqı-satqı müqaviləsi bağlayaraq ona məxsus 81 sot torpaq sahəsini alıb.  Tərəflər arasındakı torpaq mübahisəsi ilə bağlı müraciətlərə Zaqatala Rayon Məhkəməsində, daha sonra isə Şəki Apellyasiya Məhkəməsində də baxılıb və R.Şərifovun xeyrinə qərar qəbul edilib. 

 

O, ifadəsində torpağın ona məxsus olduğunu təsdiq edən məhkəmə qərarının olmasına baxmayaraq Q.Məmmədovun onunla davamlı şəkildə mübahisə etdiyini, həmin torpaq sahəsində işləməyə imkan vermədiyini bildirib. Şikayətçinin isə ölümlə hədələnməsi barədə iddiaları öz təsdiqini tapmadığından cinayət işi başlanılmayıb.Tərəflər arasındakı mübahisə predmeti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmələri tövsiyə olunub.

 

Vəfat edən Fatimat Xaşalovanın 2017-ci ildə Laçın Məmmədovla nikah bağlaması məsələsinə gəlincə isə Zaqatala Rayon Qeydiyyat Şöbəsindən daxil olmuş məktub əsasında onun şəxsiyyət vəsiqəsi elə öldüyü, yəni 2014-cü ildə fəaliyyətsizləşdirilib.”

 

 

Vüqar Heydərov, Əhməd Fərruxoğlu,  APA TV

Müəllif | Apa.Tv
Apa.tv