Zaqatalada ölülərin muzeyi
Bura zamanın dondurulduğu, fantastik dünyanın qapılarının açıldığı yerdir. Burada adını eşidəndə qorxudan titrədiyimiz heyvanlardan tutmuş ən nadir quşlara kimi bir çox canlıları görmək imkanı əldə edirsiniz. Amma bir fərq var. Buradakı heyvanlar canlı deyil. Onlar ölən heyvanların xüsusi vasitələrlə qurudulan dərisindən yaradılan müqəvvalardır. Azərbaycanda yeganə olan Təbiət muzeyi olan, Zaqatala Dövlət Təbiət Qoruğunun nəzdində fəaliyyət göstərən bu muzey 1959-cu ildə yaradılıb. Zaqatala və Balakən rayonlarının ərazisində yaradılmış muzeydə Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində yaşayan 100 yaxın məməli və yırtıcı heyvanat aləmi ilə tanış olmaq mümkündür. Bu muzey elm adamlarından məktəblilərə kimi hər kəsin maraq dairəsini əhatə edir. Muzeydə Şərqi Qafqaz turu, nəcib Qafqaz maralı, cüyür, köpkər və çöl donuzu, Qafqaz qonur ayısı, canavar, vaşaq, meşə pişiyi, çaqqal, tülkü, yenot, 80-ə yaxın yırtıcı və digər quşların müqəvvaları var. Zəngin flora və faunası ilə seçilən, 900-dən artıq bitki və yüzlərlə heyvan növünün qorunub saxlandığı Zaqatala Dövlət Təbiət Qoruğu Cənubi Qafqazda yaradılan ilk qoruqlardan biridir. Burada fəaliyyət göstərən Təbiət muzeyində sərgilənən müqəvvalar on illərdir ki, qorunub saxlanılır. Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV, Zaqatala