Zaqatalada postu meşə yolu ilə keçməyə cəhd edən şəxs yaxalandı

Zaqatalada postu meşə yolu ilə keçməyə cəhd edən şəxs saxlanılıb.

APA TV-nin məlumatına görə, karantin rejimi qaydalarının təmin olunması məqsədilə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Belə ki, Zaqatala və Qax rayonları arasında yaradılan postda “Mercedes” markalı yük avtomobili saxlanılıb. Yoxlanış zamanı sürücü, Ağdam rayon sakini Aqil Hətəmovun hərəkəti üçün icazəsi olsa da, sərnişin Tərtər rayon sakini Paşa Məmmədovun icazəsinin olmadığı müəyyən olunub.

Avtomobildən düşürülən Paşa Məmmədov meşə ilə qaçaraq postu keçməyə və gəldiyi yük avtomobili ilə yoluna davam etməyə cəhd edib. Ancaq polislərin çevikliyi nəticəsində o, və yük avtomobilinin sürücüsü saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Karantin rejimi qaydalarını pozduqları üçün onların barəsində qanunauyğun tədbirlər görülüb.

Müəllif | Apa.Tv
Apa.tv