Zaqatalada qeyri-sabit hava – İŞIQ DİRƏYİNİ VƏ QAZ XƏTTİNİ İLDIRIM VURDU
Ötən gün qeyri-sabit keçən hava şəraiti Zaqatala rayonunda bəzi fəsadlara səbəb olub.
APA TV-nin məlumatına görə, ötən gecə Zaqatalanın Car kəndi ərazisinə qısamüddətli dolu yağıb, şəhərin özündə isə transformatorlardan birini, rayonun Aşağı Tala kəndi ərazisində işıq dirəyini və dirəyin yanından keçən 70 abonentlik, 76 mm-lik qaz xəttini ildırım vurub. Nəticədə qaz xəttində yanğın baş verib.
Hadisə yerinə cəlb edilən müvafiq qurumlar tərəfindən yanğının qarşısı alınıb.
Abonentlərə təbii qazın verilməsi müvəqqəti dayanıb. Əraziyə elektrik enerjisinin verilməsində də fasilə yaranıb.
Müvafiq qurumların apardıqları təmir nəticəsində elektrik enerjisinin verilməsi qısa müddətdə bərpa edilib.
Bu gün səhər saatlarında isə qaz xəttində təmir işləri görülüb və abonentlər qazla təmin olunublar.