Zaqatalada şabalıd ağacları quruyur

Zaqatalada şabalıd yığımı sona çatıb.

 

Sakinlərin APA TV-nin yerli bürosuna verdiyi məlumata görə, məhsuldarlıq xeyli aşağı düşüb.

 

Rayonun Meşleş, Yuxarı Tala,  Car, Yuxarı Çardaqlar, Əzgilli, Qalal, Qas və başqa dağətəyi kəndlərində şabalıd sakinlərin əsas gəlir mənbəyidir. Sakinlər bildirir ki, şabalıd yığımı o qədər də asan iş deyil. Şabalıd ağacları hündür olduğundan məhsul yığımı zamanı əvvəlcə peşəkar insanlar ağaca çıxır. Özləri ilə ağaca çıxardıqları 5-6 metrlik çubuqlarla ağacı çırpırlar.   

 

İçərisində iki-üç ədəd şabalıd olan tikanlı qərzəklər toplanaraq anbarlara vurulur. Uzun müddət saxlanılması və təzə qalması üçün anbara vurulan məhsulun üstü qıjı bitkisi ilə örtülür.

 

Təsərrüfat sahiblərinin verdiyi məlumata görə, artıq 15 ildən yuxarıdır ki, şabalıd ağaclarının məhsuldarlığı ildən-ilə azalır. Ağaclar tədricən quruyur. Bir çox ərazilərdə isə ağaclarda tam quruma baş verib. Fermerləri narahat edən tək məsələ ağacların quruması deyil, onlar həm də bazar qiymətlərinin aşağı olmasından narazılıq edirlər.  

 

Şabalıd ağaclarının quruması mütəxəssislərin də narahatlığına səbəb olub.

 

Mütəxəssislərin fikrincə yeni xəstəliklə mübarizənin fərdi şəkildə aparılması mümkün deyil.

 

Qeyd edək  ki, şabalıd ağacları orta hesabla 100-300 il yaşayır. Hətta təbiətdə yaşı 1000 ildən yuxarı olan şabalıd ağaclarına da rast gəlmək mümkündür. 40-45 metrə qədər boy atan bu bitki aprel-may aylarında yarpaqlayır, iyun-iyul aylarında isə çiçəkləyir.

 

Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV, Zaqatala

Müəllif | Apa.Tv
Apa.tv