Zaqatalada toyda qətl: oynamaq üstündə qan töküldü
Zaqatalada qətl törədilib.
APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, hadisə oktyabrın 23-də Danaçı kəndində qeydə alınıb.
Kənd sakini - 1963-cü il təvəllüdlü Abakar Salam oğlu Zutov və həmkəndlisi 1990-cı il təvəllüdlü Abdul Rəcəb oğlu Ayalov arasında qonşularının toy məclisində oynamaq üstündə dava düşüb. Qonaqlar əvvəlcə tərəfləri sakitləşdirib. Daha sonra adıçəkilən şəxslər toy sahibinin evində yığışıb və orda yenidən dava düşüb. Bu zaman Abdul Ayalov üzərində olan bıçaqla Abakar Zutova və onun oğlu 1991-ci il təvəllüdlü Həmzət Zutova xəsarətlər yetirib.
Həkim Şaban Ramazanovun dediyinə görə, ağır bıçaq xəsarətləri olan Abakar Zutov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. Oğlu Həmzət Zutova isə sol əlin və sol kürəyin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti diaqnozu qoyulub, xəsarəti yüngül olduğundan, ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Polis Abdul Ayalovu saxlayıb.
Faktla bağlı cinayət işi başlanıb.