Zaqatalada yaz balının süzümünə başlanıldı
Zaqatala arıçıları yaz balının süzümünə başlayıblar, ancaq məhsuldarlıq aşağıdır. Arıçıların sözlərinə görə, bu il yaz aylarının ilk günlərindən bu günə kimi havaların qeyri-sabit keçməsi və tez-tez yağışların olması arı ailələrinin lazımı nektarı toplamasına mane olub. Bunun nəticəsində arı pətəklərində daha az bal toplanıb. Əvvəlki illər bir arı pətəyindən 12-15 kiloqram bal götürülürdüsə bu ilə 8-10 kiloqram bal toplamaq mümkün olub. İndi arıçıların ümidi, may balı süzüldükdən sonra arı ailələrini dağa köçürüb ikinci süzümdə daha çox məhsul əldə edə bilməkdir. Qeyd edək ki, hazırda Zaqatalada qeydiyyatdan keçən 1446 nəfər arıçı var. Bu təsərrüfatlarda isə 39 mindən yuxarı arı ailəsi mövcuddur. Vüqar Heydərov, Əhməd Fərruxoğu, APA TV,