Zaqatalaya giriş-çıxış məhdudlaşdırılıb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun giriş-çıxışlarında qurulan karantin postlarında polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş rejimində xidmət göstərir.

Operativ və xüsusi nəqliyyat vasitələri, yükdaşıyan nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla digərlərinin rayon mərkəzinə giriş-çıxışı məhdudlaşdırılıb. Həmçinin şəhər ərazisində polis və Daxili Qoşunların hərbi qulluqçularının birgə keçirdiyi reydlər zamanı yaşayış yerini tərk edən vətəndaşlar planşet vasitəsilə yoxlanılıb və icazələri olmadan yaşadıqları ünvanları tərk edənlər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Qapalı və açıq məkanlarda, ictimai nəqliyyatda tibbi maskadan istifadə və sosial məsafənin qorunmasına nəzarət olunur, karantin rejimi qaydalarına riayət etmələrinin vacibliyi bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv