Zaur Hüseynov: “Sərnişinlərdən tibbi maska taxmaq tələb ediləcək”
“Metrodan istifadə edən sərnişinlərdən tibbi maska taxmaq tələb ediləcək”.
APA TV-nin məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov bildirib. Onun sözlərinə görə, bunu sərnişinlərdən metro polisi və əməkdaşları tələb edəcək: “Sosial məsafənin qorunması vacibdir. Sərnişinlərin sosial məsafənin qorunması üçün istiqamətləndirici işarələrdən istifadə ediləcək. Bununla belə, sosial məsafənin qorunması yenə də sərnişinlərdən aslıdır”.
Zaur Hüseynov bildirib ki, vətəndaşların rahatlığını nəzərə alaraq metro stansiyalarında səyyar maska satışı təşkil olunacaq: “Vətəndaş niyə tibbi maska taxmamalıdır? Biz artıq bununla bağlı xəbərdarlıq etmişik. Hazırda 25 metro stansiyasının 17-də aptek var. Qalan stansiyalarda da səyyar maska satışı təşkil olunacaq. Eyni zamanda apteklərin səhər saat 6.00-da açılmasını xahiş etmişik. Sərnişinlərdən xahiş edirik ki, maskanı səhər saat 6.00-da deyil, qabaqcadan əldə etsinlər”
Qurum sədri qeyd edib ki, sərnişinlərin sağlamlığını nəzərə alaraq metroda gündəlik dezinfeksiya işləri aparılacaq: “Dezinfeksiya işləri gündə 3 dəfədən artıq həyata keçiriləcək. Əminəm ki, Prezidentin "Biz birlikdə güclüyük" şüarı ilə bu günlərdən qələbə ilə çıxacağıq”.
Qeyd edək ki, yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı Metropoliteninin fəaliyyətinin sabah saat 06.00-dan etibarən bərpa edilməsinə dair qərar verilib.
Həmidağa Məcidov,
Faiq Həsənov,
APA TV