Zəfər Qurultayında gənclərə nələr tapşırıldı? PREZİDENTDƏN YENİ HƏDƏFLƏR - PREZİDENTDƏN YENİ HƏDƏFLƏR
Dünya azərbaycanlıları daha bir tarixi hadisəyə şahidlik etdilər. Belə ki, aprelin 22 və 23- də Şuşada, Türk Dünyasının Mədəniyyət Paytaxtnda Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirildi. 60-dan çox ölkədən gələn soydaşlarımız 30 il erməni işğalında qalan şəhərin necə talan olunduğunu, azərbaycanlıların izlərinin tamamilə yox edilməsinin, habelə müzəffər odrumuz tərəfindən işğaldan azad olunandan sonra ölkə başçısı, prezident İlham Əliyevin xüsusi fərman və sərəncamları ilə dərhal başlayan quruculuq və bərpa işlərinin şahidi oldular. Tədbirdə çıxış edən ölkə başçısı Azərbaycan gəncliyinin milli ruhunun, Azərbaycan ordusunun döyüş qabiliyyətinin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev Azərbaycanın hər hansı təhdidlərə qarşı mübarizə aparmaq əzminin olduğunu bildirib. Bugün dünyada baş verən proseslər fonunda ölkəmizin regional gücə çevrilməsi, dünya liderlərinin Prezident İlham Əliyevə göndərdikləri məktublarda onların yeni geosiyasi reallığı qəbul etdikləri və bu prizmadan çıxış etdikləri aydın görünür.
Ölkə başçısı qurultayda çıxışı zamanı Şuşada keçirilən tədbirin böyük tarixi mənası olduğunu qeyd edərək Azərbaycanın otuz il işğal edilmiş ölkə kimi yaşadığını və həmin dövrlərin dünya azərbaycanlıları üçün çox ağır sınaq olduğunu bildirib və əlavə edib ki, bu gün alnımız açıq, üzümüz gülər, başımız dik, müzəffər xalq kimi, qalib dövlət kimi əbədi yaşayacayıq.
“Vətənə bağlı gənclər yetişdirilərək 44 günlük müharibədə tarixi qələbə qazandıq”. Bunu Şuşada keçirilən tarixi görüşün əhəmiyyətindən APA TV-yə danışan Milli Məclisin üzvü Cavid Osmanov deyib. Deputat qeyd edib ki, Prezident İlham Əliyev qurultaydakı çıxışında həm ölkədə, həm də dünyada yaşan gənclərimiz qarşısında yeni hədəflər müəyyənləşdirdi.
Deputat Cavid Osmanov onu da bildirib ki, Azərbaycana qarşı aparılan çirkin siyasətin qarşısının alınması dünya azərbaycanlılarının ümdə vəzifəsidir, çünki əldə olunan milli birlik, milli həmrəylik, dəmir yumruğa çevrilir.
Prezident İlham Əliyevin Şuşa çıxışındakı verdiyi mesajlar bütövlükdə Dünya azərbaycanlılarının ictimai siyasi fəaliyyətlərində mühüm rol oyanayacaq. Bunu isə APA TV-yə açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib. O qeyd edib ki, ölkə başçısının verdiyi mesajlarda xaricdə yaşayan azərbaycanlılara övladlarına vətənpərvərlik ruhda tərbiyə etmək baxımından xüsusi əhəmiyyət kəsb edir.
Siyasi şərhçi onu da qeyd edib ki, qurultayın Şuşada keçirilməsi möhtəşəm ənənənin başlanğıcıdır və güman etmək olar ki, dünya azərbaycanlıarının növbəti qurultayları işğaldan azad edilmiş digər şəhərlərimizdə də həyata keçiriləcək.
Fuad Sadıqov
APA TV