"Zəfər Yolu"nun son görüntüləri - YOL TAMAMLANMAQ ÜZRƏDİR

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun ölkəmizin mədəniyyət mərkəzi elan olunan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən, dövlət başçısı tərəfindən “Zəfər Yolu” adlandırılan avtomobil yolunun inşası tamamlanmaq üzrədir.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA TV-yə verilən məlumata görə, tikintisinə 10 ay bundan öncə başlanılmış “Zəfər Yolu”nun sentyabr ayı ərzində 2 hərəkət zolaqlı olmaqla asfaltlanmasının yekunlaşdırılması planlaşdırılır.

 

Hazırda biz Zəfər Yolunun Füzulidən keçən hissəsindəyik. Burada tikinti işləri böyük sürətlə davam edir. Bu isə belə deməyə əsas verir ki, yaxın günlərdə “Zəfər Yolu”nda işlər tam yekunlaşacaq.

 

Dövlət başçısının tapşırığına əsasən, ötən il noyabr ayının 16-da təməli qoyulmuş və uzunluğu 101 kilometr təşkil edən “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-ci texniki dərəcəyə uyğun inşa edilir.

 

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə “Zəfər yolu” Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır: Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir. İşğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən “Zəfər yolu” Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir”.

 

Belə ki, “Zəfər Yolu” boyu layihəyə uyğun olaraq artıq qazma işləri tamamlanıb, yol boyu əks dolğu işləri aparılmaqla və bəzi çətin relyefə malik qayalıq ərazidən keçən hissələrdə layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağının, həmçinin yol əsasının inşası işləri həyata keçirilərək yekunlaşdırılıb.

 

Son mərhələ üzrə yolda asfaltlanma işləri aparılır. Yeni inşa edilən yol boyunca layihəyə uyğun 4 yeni avtomobil körpüsünün inşası yekunlaşdırılıb.

 

Qeyd edək ki, Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

 

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

 

İlahə Vəliyeva,

Xələf Xələfov,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv