Zəfərin şahidləri – QARABAĞIMIZ MÜBARƏKDİR!
Səhər hələ yeni açılır. İçəri keçirik. Girişdən xiyabana ayaq basanda gecikdiyimizi düşünürük. Yüzlərlə ananın həzin addımlarla gəzişdiyi məzarlıq oxunulan azan səsi fonunda sanki dilə gəlir.
Balaca nəvəsi bizimlə müsahibəyə can atan nənə övladının baş daşından öpüb özünə toxtaqlıq verir. “Hər ana qəhrəman yetişdirə bilməz” deyir qara örpəyə bürünmüş bir qadın. Hərbi orkestr yerini aldıqca açıq səma altındakı bu şəhidlik muzeyi ziyarətgaha çevrilir. Formalar bir-birinə qarışır. Çəlikli bir qazinin şax duruşundan aydın olur ki, məqamına yetişə bilmədiyi şəhidliyin həsrəti ilə gəlib bura. Qan qardaşlarının ruhunu şad etməyə tələsir…
Reportajın ilk anlarından etibarən bütün gözlər üzərimizə dikilib. Ürəyi doludur hamının. Zəfərin gətirdiyi xoşbəxtlik duyğusu içində cücərən bu körpələr şeir deyib qürurlandıqca analarını qəhər boğur. Şəhid atası təşəkkür edir. Boynumuzu qucaqlayır. Öncələr həmkar deyib, əl sıxdığım dostumu bu gün qazi kimi bağrıma basıram. “Zəfərin qutlu olsun!” deyir həmkar!
“Əmi, olar şeir deyim?” – Əsgər formalı bu balaca gələcəyin ordusudur. Elm ordusu, mədəniyyət ordusu, təhsil ordusu. Zəfəri onlar üçün yaşatmırıqmı? Yeni Poladlar, yeni Xudayarlar, yeni Cəbrayıllar üçün şəhid olmayıbmı üç minə yaxın mərdimiz?
“Və budur! O möhtəşəm qələbə xəbərini aldığımız günün ildönümüdür. Zəfər günüdür. Burada minlərlə şəhid ailəsi var. Öz döyüş yoldaşlarını itirmiş qazilər gəlir. Şəhid anaları var. Körpələr var. Hansılar ki, burada şeir deyirlər, şəhidlərimizin ruhuna salam göndərirlər. Əslində burada çox şey anlaşılır. Amma sözlərlə ifadə etməkdə çətinlik çəkirik. Deyə biləcəyimiz iki şey var: “Başın sağ olsun, Vətən!” və “Zəfər günümüz qutlu olsun!”
Ancaq müharibə təkcə əsgərlərin yox, həm də o igidlərlə çiyin-çiyinə dayanmış, yeri gəldikdə xidmətində durub, çətin anında qayğısına qalan qadınlarındır. Söhbət o qadınlardan gedir ki, onlar üçün müharibənin birinci, ya ikincisi olmur. Onlar elə, ilk günlərdən bu vətənin oğullarına analıq edirlər...
Biz də baş əyirik. Həm şəhadət zirvəsinə çatmışların ruhu, həm də o ruhu tərbiyə edən ana-ataların şəxsiyyəti qarşısında. Zəfər gününü bizə yaşadanların xatirəsi naminə baş əyirik. Bu elə bir müqəddəs ayindir ki, əməl etdikcə, onların qarşısında baş əydikcə ucalırıq. İndi hamı doğmadır. Hər kəs eynidir. Bu gün bütün Azərbaycan zəfər dilində deyib-gülür, ağlayıb susur.
8 noyabr. II Fəxri Xiyabanın çıxışında dayanmışıq. Qazilər ünvanı tapa bilməyənlərə yol göstərir. Buyurun, xala. Keçin. Fəxri Xiyaban buradır...