“Zəhranın vəziyyəti çox ağır idi” - HƏKİM VƏTƏN MÜHARİBƏSİNDƏN DANIŞIR

Mənfur düşmən 44 günlük Vətən Müharibəsində döyüş bölgəsindən kənarda yerləşən ölkənin ikinci böyük şəhərini bir neçə dəfə ağır artilleriyadan atəşə tutdu. Əsasən oktyabrın 11-i və 17-si yatan şəhəri, əhalinin sıx yaşadığı yerdə təxribat törətdi. Bu zaman 20-dən artıq insan şəhid oldu. 100-dən artıq insan yaralandı. Yaralanan insanlar bu xəstəxanaya yəni Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının travmatologiya çatdırıldı. Xəstələrə burda ilkin tibbi yardım göstərildikdə sonra ixtisaslaşmış xəstəxanalara yerləşdirilib.

44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından biri də həkim Məharət Kərimovdur. O Vətən müharibəsində ermənilərin dinc sakinlərə qarşı törədikləri terror zamanı xəsarət alan 100-dən artıq Gəncə sakininə yardım göstərib. Gəncə şəhər Təcili Tibb Yardım xəstəxanasının travmatologiya şöbəsinin müdiri olan Məharət Kərimov həmin hadisələri unuda bilmədiyini deyir: “Yadımda qalan xatirələrdən biri, raket partlayışı olmuşdu. Xəstələr ani bir anda, hamısı töküldü xəstəxanaya, biz heçdə özümüzü itirmədik, hamıya yardım göstərməyə başladıq. Yardım göstərdiyimiz vaxt bir kişi öz balaca qızını Zəhranı şöbəyə gətirdi. Zəhranın vəziyyəti çox ağır idi. Onun gicgah nahiyəsindən qəlpə girib, təpə nahiyəsindən çıxmışdı. Kəskin qan axma var idi. Bizim üçün orda bir saniyə vaxt lazım idi, onun həyatını xilas edək. Və biz bunu etdik. Hər dəfə Gəncə hadisələri haqqında verilişlər gedəndə biz o günlərə qayıdırıq”.

44 gün ərzində ailəsindən uzaqda, xəstəxanada qalan şöbə müdiri hər dəfə işğaldan azad olunan rayon və kəndlərimiz barədə məlumat alanda ruhlandıqlarını deyir: “Mən hər gün şöbədə qaldım. Hər gün cənab Prezidentin çıxışını zövqlə gözləyirdim. Rayonlarımız, kəndlərimiz işğaldan azad olunduqca biz şöbədə olan xəritədə onu dairəyə alırdıq. Və öz kollektivimizlə sevinirdik. Həmin acılı günlərdən sonra Ali Baş Komandan biz Azərbaycan xalqına sevincli günlər yaşatdı”.

Məharət Kərimov 1990-cı ildə baş verən hadisələrə də şahidlik edib. Deyir həmin vaxtı tələbə olsa da, yaralılara kömək etməyə çalışıblar: “Mənim də həyatımın böyük bir tarixçəsi var. Bütün olanların hamısına şahidəm. 90-cı ildə 20 yanvarda mən tələbə idim. Həmin dövrləri biz yaşadıq, Azadlıq meydanında. Həmin dövrdə mənim tələbə yoldaşlarımı öldürdülər. Birinci Qarabağ müharibəsində həmin günləri yaşamışıq. Gecə 11-12 kimi xəstələr gəlirdi. O vaxtı özəl xəstəxanalar yox idi. Hamısı dövlət xəstəxanaları idi, indiki kimi şərait yox idi. Xəstələri sarği eləmək çətin idi. Buna baxmayaraq biz öz işimizin öhdəsindən gəlirdik”.

44 gün ərzində xəstəxananın tibb bacıları da gecə-gündüz yorulmadan çalışıblar. Qeyd edək ki, Vətən Müharibəsində Ermənistan ordusunun təxribatı zamanı xəsarət alan ətraf rayon sakinləri də Gəncə şəhər Təcili Tibb Yardım xəstəxanasına müraciət ediblər.

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv