Zelenski Putinə: “Biz sizə heç vaxt icazə verməyəcəyik ki…”
Fransa paytaxtında Vladimir Putin və Vladimir Zelenski arasında görüş keçirilib.
APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, “Normand formatı” çərçivəsində baş tutan görüşdə Fransa və Almaniya liderləri - Prezident Emmanuel Makron və Kansler Angela Merkel də iştirak edib. Son 3 ildə sözü gedən format çərçivəsində iki ölkə arasında razılıq yalnız hərbi əsirlər və girovların mübadiləsinin davam etdirilməsi barədə əldə olunub. Bu dəfəki görüşdə isə Rusiya və Ukrayna Prezidentləri ilk dəfə eyni masa arxasında əyləşib. Görüş 8 saata yaxın davam edib. Danışıqların əsas leytmotivini Ukraynanın şərqində - Donbasdakı vəziyyət təşkil edib. Kreml sahibi Minsk razılaşmasına uyğun şəkildə hərəkət etməyin vacibliyini vurğulayıb: “Sülh danışıqları Ukraynada siyasi islahatlarla sinxron şəkildə keçirilməlidir. Əvvəlcə, ölkənin Konstitusiyasına dəyişikliklər edilməlidir. Donbasın xüsusi statusunu davamlı olaraq müəyyənləşdirməkdən söhbət gedir. Minsk razılaşmalarına görə, Donbasla yanaşı başqa regionlara xüsusi status verilməlidir, hansı ki, mən bunları lap əvvəldən xatırladıram”. V.Zelenski adaşına konkret cavab verib. Bildirib ki, ölkə Konstitusiyasına heç bir dəyişiklikdən söhbət edə bilməz və Ukraynanın federasiyalaşması mümkün deyil: “Mən Ukrayna xalqının qəbul etmədiyi yanlışlığa yol verməyəcəyəm, bu prinsipial məsələdir. Konstitusiyaya dəyişiklik və ölkənin federativ quruluşa keçməsi də bura aiddir. Biz siyasi idarəetməmizə, siyasi inkişafımıza müdaxilə etməyə heç kəsə icazə verməyəcəyik. Biz müstəqilik və öz yolumuzu özümüz seçirik”. Danışıqlar masasından qalxdıqdan sonra V. Zelenski nəticəni bir kəlmə ilə izah edib - heç-heçə: “Qalib tərəf yoxdur. Diplomatik təmaslar davam etməlidir, axı bu hələ başlanğıcdır”. Xatırladaq ki, Parisə danışıqlara gedən V. Zelenskinin xarici siyasətinə etiraz olaraq Kiyevdə aksiyalar keçirilib. O, hətta kapitulyasiya barədə düşünməkdə ittiham edilib. Nəticəni öyrənən aksiya iştirakçıları dağılışıb: “Hə, indi məlum oldu ki, biz mövqeyimizdə qalırıq. Nəticəni müsbət hesab etmək olar, mən şadam ki, biz yanıldıq”. Rusiya Prezidentinə etirazlar isə Yelisey sarayının qarşısında baş tutub. İki Femen aktivisti soyunaraq “Putinin müharibələrini dayandırın!” şüarını səsləndirib. Hər iki yarıçılpaq qadın saxlanılıb.
Qeyd edək ki, Ukrayna və Rusiya arasında sülh danışıqlarının təxmini vaxtı açıqlanıb. Almaniya Kansleri ilə Fransa Prezidentinin də qatılacağı görüş 4 ay sonra Berlində baş tuta bilər.