Zəngəzuru bəhanə edən İran, bölgəyə göz dikən Fransa və narahat Rusiya - Kim qalib gələcək?

Avropa İttifaqı xarici işlər nazirləri Ermənistanda iki illik yeni mülki missiyanın yaradılmasını təsdiqləyiblər. Fəaliyyət göstərəcək nümayəndələr üçün 8.1 milyon avro ayrılıb. Aİ Şurası tərəfindən bildirilib kli, bu məbləğ fəaliyyətin ilk dörd ayı üçün nəzərdə tutulub və əlavə maliyyə də ayrılacaq. Qərb ölkələrinin qonşu Ermənistana avro axını bununla da bitmir. Üstəlik təşkilat tarixi Azərbaycan torpaqları olan Zəngəzura, ermənilərin Sünik adlandırdığı bölgəyə də maliyyə ayırıb. Bildirilib ki, həmin bölgənin İran və Azərbaycanla həmsərhəd olduğu üçün sabit sosial-iqtisadi və institusional inkişafına kömək etmək məqsədi daşıyan “Dayanıqlı Sünik – Avropa Komandası” təşəbbüsü başladılıb və 5 il üçün ilkin büdcəsi 51 milyon avro olacaq. Bu yardımda Avropa İnvestisiya Bankı, Avstriya, Fransa, Almaniya, Polşa, İsveç və İsveçrə iştirak edəcək. Maraqlıdır ki, bölgədə sakitliyin və sülhün qarantı kimi qəbul edilmiş “Zəngəzur dəhlizi” üçün az qala özünü didib parçalayan İran bu dəfə səsini çıxarmır. Bu günlərdə Qafanda səfərdə olan İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri çıxışında “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” deyib. Digər maraqlı məqam isə odur ki, Ermənistan sərhədlərinin mühafizəsini təşkil edən Rusiyadan da səs çıxmır. Görəsən, Avropanın Ermənistana yardımına İranın susqunluğu, 2020-ci il noyabr razılaşmasına görə Naxçıvanla Azərbaycanın əsas hissəsinin birləşdirilməsini öhtəsinə götürən tərəflərin bu məsələdə bir addım belə atmaması hansı təhlükədən xəbər verir? Ermənistan, Qərb və Rusiya üçün müharibə meydanınamı çevrilir? Yoxsa həmin güclər Azərbaycan və Türkiyə üçün müdafiə sədləri yaradırlar?

Siyasi şərhçi Şəbnəm Həsənova bildirib ki, Ermənistana edilən yardımlara İranın və Rusiyanın səssizliyi onların regiondakı maraqlarından irəli gəlir və Ermənistan regionda beynəlxalq aktorların əlində alətə çevrilib. O əlavə edib ki, İrəvanın atdığı addımlar regionun risk altında qoya bilər.

Siyasi şərhçi onu da bildirib ki, beynəlxalq güclər cənubi Qafqazda Azərbaycanın onlara verə biləcəyi iqtisadi və siyasi dividentləri bir daha nəzərdən keçirməli və Cənubi Qafqazda sülh istəyirlərsə, Ermənistana təzyiqlər göstərməlidirlər.

“Ermənistan çalışır ki, Cənubi Qafqazda Rusiyanın yerini Fransa” alsın. Bunu isə açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu deyib. O əlavə edib ki, erməni faktoru, regionda türk nüfuzunun artması, İran və Fransa arasındakı görünən və görünməyən münasibətlər olduqca önəmli məqamlardır. Bütün bunlar rəsmi Tehranın missiya ilə bağlı mövqeyində səbr nümayiş etdirməsinə səbəb olur.

Siyasi şərhçi onu da bildirib ki, Rusiya Mariya Zaxarova vasitəsilə narazılığını ifadə etsə də, İrəvan bu xəbərdarlıqlara fikir vermək niyyətində deyil və Moskva iki illik missiya ilə bağlı etinadsızlıq etməyəcək. O əlavə edib ki, missiyanın bitmə ili yəni 2025-ci il Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin bitmə ilinə təsadüf edir ki, bu da Azərbaycan-Ermənistan sərhədində alternativin yaradılması deməkdir.

Müəllif | Apa.Tv
Apa.tv