Zəngilanda böyük tarixi günün həyəcanı – Sakinlər seçkiyə hazırlaşır
İşğaldan azad olunmuş ərazilərdə 26 məntəqə üzrə 23 mindən artıq seçici səs verə biləcək. Yenidən qurulan, günü-gündən inkişaf edən bu torpaqlarda yaşayanlar bu dəfə seçki həyəcanı içərisindədirlər. Minayə Mahmudova da Ağalıya artıq bir ildir köçdüyünü deyir. Bildirir ki, bu günə qədər çox qürurverici günlərə şahidlik edib. Onun üçün də ən böyük tarixi gün qabaqdadır. Allahverdi Mahmudov və Çiçək Gəraylı da 30 ildən sonra ata yurdunda səs verəcək, tarixi hadisənin bir hissəsinə çevriləcək. Vüqar Kərimli Zəngilanda son seçki tarixini xatırlayaraq xəyala dalır. Deyir bu əslində başqaları üçün adi görünə bilər. Lakin onlar üçün olduqca möhtəşəm bir tarixdir. Çünki ötüb-keçən 30 il ərzində onlar öz namizədlərini məcburi köçkün statusu ilə seçiblər. İndi isə fərqlidir. Qeyd edək ki, Fevralın 7-ə təyin olunan növbədənkənar prezident seçkisi Zəngilan və Qubadlı rayonlarında 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə 4 məntəqədə keçiriləcək. Həmin məntəqələrdən 3-ü Zəngilan, 1-i isə Qubadlı rayonu ərazisində yerləşir.
Emin Babayev Fəzail Səfərov APA TV Zəngilan