Zəngilanda möhtəşəm aksiya: Hər yer yaşıllığa bürünəcək

Zəngilanda ağacəkmə aksiyası keçirilib.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Aksiya  Fövqəladə Hallar Nazirliyi (FHN) İşçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə baş tutub. İşğaldan azad olunmuş ərazilərdə 44 günlük Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin analarının və FHN-in qadın əməkdaşlarının ümumi sayına uyğun uyğun miqdarda ağacın əkilib.

Beynəlxalq Qadınlar Gününə həsr olunan ağacəkmə aksiyasında FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Qarabağ Dirçəliş Fondunun nümayəndələri, həmçinin 44 şəhid anası iştirak edib. 

FHN İşçilərinin Həmkarlar İttifaqı tərəfindən tədbirdə iştirak edən şəhid analarına ianə sertifikatı və qiymətli hədiyyələr təqdim edilib. İlkin olaraq 300 ağac tingi torpağa basdırılıb.

Aksiya iştirakçıları əvvəlcə Zəngilan rayonunun girişində yerləşən şəhid məzarlığını ziyarət edərək üzərinə gül dəstələri düzüblər. Şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.

Xatırladaq ki, FHN İşçilərinin Həmkarlar İttifaqı tərəfindən İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi üçün işğaldan azad olunan ərazilərdə ətraf mühitə vurulan zərəri aradan qaldırmaq, ekoloji tarazlığın bərpasına şəhid analarının adından töhfə vermək məqsədilə Zəngilanda meşə massivinin salınması layihəsi çərçivəsində Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin analarının və FHN-in qadın əməkdaşlarının ümumi sayına uyğun miqdarda ağacın əkilməsi ilə əlaqədar Qarabağ Dirçəliş Fonduna 55 min manat vəsait ianə edilib.

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV, Zəngilan

 

Müəllif | Apa.Tv
Apa.tv