Zərdab sakini əkinini suvara bilmədiyi üçün özünü yandırdı

Əkinini suvara bilməyən Zərdab sakini intihara cəhd edib.

Hadisə Zərdab Suvarma Sistemləri İdarəsinin qarşısında baş verib. Rayonun Çallı kənd sakini, 32 yaşlı Əkbər Sabir oğlu Əhmədov ona məxsus pay torpağında əkdiyi taxıl sahəsini suvara bilmədiyi üçün bir neçə kənd sakini ilə birlikdə Zərdab Suvarma Sistemləri İdarəsinə gedib.

İdarənin rəisi Əhliman Kərimovla görüşən Əkbər Əhmədov Çallı kəndində bütün sahələrin çıxış suyu ilə təmin olunduğu vaxt rayonda olmadığını, bu səbəbdən də əkininə hələ də su vurmadığını bildirib.

Hadisə şahidlərinin dediyinə görə, rəislə Əkbər arasında söhbət bitdikdən sonra rəis su tələb olunan əkin sahələrinə baxış keçirmək məqsədi ilə sahəyə gedib. Əkbər isə idarənin qarşısında saxladığı  "VAZ-2107" markalı minik maşınından benzin çəkərək üzərinə töküb və özünü yandırıb.

İdarə rəisi Əhliman Kərimov bildirdi ki, suyun kəndlərdə verilməsinə sudan istifadəedənlər birlikləri nəzarət edir. Vətəndaşın yanında birliklə əlaqə saxlanılıb, məlum olub ki, vətəndaşın hələ ötən ildən borcu var.

İdarə rəisi onu da qeyd etdi ki, su qıtlığı ilə əlaqədar olaraq əkin sahələri növbəli şəkildə suvarılır. Amma əksər vaxtı vətəndaşlar bu qaydalara əməl etmirlər.

Qeyd edək ki, hələ də ailə həyatı qurmayan Əkbər Əhmədov ağır yanıq xəsarətləri ilə əvvəlcə Zərdab rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zərərçəkənin vəziyyəti kəskin ağır olduğundan müalicəsini davam etdirmək məqsədi ilə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. 

Müəllif | Apa.Tv
Apa.tv