Zərdab və Ucarda özbaşınalıq: örüş sahələri zəbt olunub
Zərdab rayonunun Çallı kəndinin bir qrup sakini onlara məxsus örüş torpaqlarının yerli fermerlər tərəfindən zəbt olunaraq texnika ilə şumlanmasına etiraz edir.
APA TV-nin yerli bürosunun xəbərinə görə, sakinlər deyir ki, son 6 ayda dəfələrlə etiraz etsək də səsimizə səs verən tapılmayıb. Hətta iki dəfə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə və rayonun digər aidiyyəti qurumlarının nümayəndələri ilə görüşən sakinlər deyir ki, problemin həll olunacağına söz verilsə də, məsələ hələ də öz həllini tapmayıb.
Sakinlərin sözlərinə görə, təkcə Əyyub Əzizov adlı fermer 186 hektar örüş sahəsini zəbt edib. Hələ ki, həmin ərazi sakinlərə qaytarılmayıb.
Etirazçılarla görüşən rayon icra hakimiyyəti mətbuat xidmətinin rəhbəri Vasif Məhəmmədov deyib ki, sakinlərin örüş torpaqları ilə bağlı yaranmış problemin bir qismi həll olunub. Qanunsuz örüş sahələrini zəbt edən fermerlərlə aparılan danışıqlardan sonra könüllü olaraq torpaqların bir qismi sahiblərinə qaytarılıb. 60 hektara kimi örüş sahəsi mübahisəli ərazi olduğu üçün müvafiq qurumlara müraciət olunub və hazırda araşdırma aparılır.
Analoji vəziyyət Ucar rayonunda da hökm sürür. Belə ki, rayonun Lək kənd sakinləri yerli məmurların yaratdığı problemlə bağlı dəfələrlə etirazlarını bildiriblər. Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov kəndə gələrək, qanunsuz əkin sahələrinin sahiblərinə qaytarılacağına söz verib. Lakin bu söz olaraq qalıb. Təkcə fermer Ənvər Abışov tərəfindən hektarlarla sahə zəbt olunub. Fermer örüş sahəsini yerli məmurların göstərişi ilə əkdiyini bildirib.
Kəndin bələdiyyə sədri Nazir Şükürov örüş sahələrinin həqiqətən də fermerlər tərəfindən zəbt olunduğunu təsdiqləyib. Onun sözlərinə görə, bu sahələr əvvəlki bələdiyyə sədrinin dövründə şumlanıb. Hələ ki, bu barədə müvafiq qurumlara müraciət olunmayıb.
Mövzunu diqqətdə saxlayacağıq.
Zahid Abışov,
Devran Əsgərov,
APA TV