Ziyafət Əsgərov: “Əli Kərimli, sən kimsən, hökumətin üzərinə gəlmək istəyirsən?

“Ümumiyyətlə, özünü radikal müxalifət adlandıran şəxslərin 90-cı illərdən indiyə qədər xəyanət xronikasına baxanda adamı dəhşət bürüyür. Bu illər ərzində doğrudanmı həmin insanlarda bir qram olsun belə, inkişaf yoxdur. Onlarda nə dövlətçilik, nə mütaliə, nə də dünyagörüşü var. Bu illər ərzində sizlər nə işlə məşğul olmusunuz?”

 

APA TV-nin məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

 

Onun sözlərinə görə, sərbəst toplaşmaq azadlığı Konstitusiyanın 49-cu maddəsində ifadə olunub: “Mən də razıyam, hər bir azərbaycanlı konstitusiya hüquqlarından istifadə edə bilər. Amma şərtlər də var axı. Mən soruşuram, Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu, siz bunları bilmirsiniz? Əminəm ki, bilirsiniz. Deməli, bulanıq suda balıq tutmaq istəyirsiniz. 1992-ci ildə Mülki və siyasi hüquqlar Aktını Əbülfəz Elçibəy Helsinkidə imzalayıb. Həmin Aktda da sərbəst toplaşmaq haqqında bütün müddəalar yer alıb. Əli Kərimli, bu sənəd sizin “sevgi” bəslədiyiniz – sevgini dırnaq arasında deyirəm, çünki siz Azərbaycan xalqına xəyanət etdiyiniz kimi, ona da xəyanət etmisiniz – prezident imzalayıb. Sizin niyyətiniz təmizdirsə, metronun qarşısında niyə aksiya keçirmək istəyirsiniz? Ə, sən kimsən, hökumətin üzərinə gəlmək istəyirsən? Kimsən sən? Sənin toplaşmaq azadlığın var, mənim də istirahət etmək hüququm! Sən onsuz da hər şeyi itirmisən, Əli Kərimli, heç olmasa, gənclərə yazığın gəlsin!"

 

Z.Əsgərov Avropadan Bakıya ünvanlanmış bəyanatlara da cavab verib:

 

"Əvvəla bizimlə diktə ilə danışmayın. Siz gedib İspaniya, Belçika və digər ölkələrdə baş verən biabırçılıqları araşdırın, sonra gəlib bizdən soruşarsınız. Kimin günahı varsa, cəzasını alacaq, kimin günahı yoxdursa, sərbəst buraxılacaq. Digər tərəfdən, biz Azərbaycan dövlətini, dövlətçiliyini, İlham Əliyevi göz bəbəyi kimi qoruyacağıq!”

 

Vitse-spiker Bahar Muradova bildirib ki, 19 oktyabrda aksiya keçirən qüvvələrin məqsədi Azərbaycandakı islahatları dayandırmaq, dövləti sarsıtmaq, qanuni hökuməti devirmək idi. Onlar bu qanunsuz aksiyanı keçirməyə cəhd etməklə 1990-cı illər haqqında təsəvvürü olmayan gənclərə, geniş əhali kütləsinə bir daha xatırlatdılar ki, qanundan kənar hərəkətlər nəyə gətirib çıxara bilər:

 

“Bu gün Azərbaycanda  dövlətin, xalqın maraqlarını hər şeydən üstün tutan Prezident, Prezident-xalq birliyi, vətəndaşların mütləq əksəriyyətinin həmrəyliyi var. Bu həmrəylik oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin qarşısındakı aksiyada özünü göstərdi. Azərbaycana məhz belə aksiyalar yaraşır”.

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, radikal müxalifət qanunları pozub və polislə qarşıdurma yaratmağa cəhd edib:

 

"Radikal müxalifət oktyabrın 19-da atılan addımlarla “Sərbəst toplaşma azadlığı haqqında” qanunu və Azərbaycan Konstitusiyasının maddələrini pozub.  Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılmalıdır. Hər kəs, millət vəkilləri də buna öz münasibətini bildirməlidir”.

 

O qeyd edib ki, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd edənlər erməni lobbisi ilə bağlıdır. Deputat dindarlara da çağırış edib:

 

“Qibləsini tanımayan müşriklərdən alət kimi istifadə edilir. Bunu ağaları qarşısında etiraf edirlər. O mitinqə dindarlar da gəlmişdi. Mən üzümü dindarlara tutub soruşuram: sizin fəaliyyətiniz nədən ibarətdir? Azərbaycanda məscidlər tikilir, mədrəsələr təmir olunur, xalqın istifadəsinə verilir”.

 

İclas qanun layihələrinin müzakirəsi ilə davam edib.

Müəllif | Apa.Tv
Apa.tv