Zooparkda kimlərə güzəşt ediləcək – QİYMƏTLƏR AÇIQLANDI
Zooparkın ilk qonaqları onlar oldu. Şəhid övladları.
APA TV-nin xəbərinə görə, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Bakı Zooloji Parkı bu gündən etibarən qapılarını ziyarətçilərin üzünə açıb.
Parkın ilk ziyarətçiləri uşaq evlərindən və şəhid ailələrindən olan 450 nəfərə yaxın uşaq olub.
Şəhid Samir Şükürovun ailəsi də ziyarətçilər sırasındadır: “Çox şadam ki, belə ziyarətlər təşkil olunur. Həm uşaqların istirahəti, həm də maraqlı təəssüratlar üçün gözəl bir məkandır. Bu gün həm dincəldilər, həm də istədikləri kimi vaxt keçirə bildilər”.
- Çox sevindim gəlməyimə. Çox qəşəngdir bura. Daha çox ayını bəyəndim. Baxdım. Amma qorxmadım. Sonra tutuquşunu bəyəndim.
- Ən çox bəbirlərə baxdım. Xoşum gəldi, sonra ilanlara baxdım. Çox maraqlıdır. Bura gözəldir.
- Şəhid mayor Azər Mikayılovun oğluyam. Anamla, bacımla gəlmişəm. Çox qəşəng yerdir. Ən çox şiri sevdim. Meşənin şahıdır, güclüdür. İlanlara da baxdım. İstirahət elədim, yemək yedim. İstəyirəm bütün dostlarım da gəlsin.
- Mamamla, bacımla gəlmişəm. Bəyəndim, şirləri daha çox bəyəndim. Heç qorxmadım, yaxından gördüm bütün heyvanları. İstəyirəm hamı gəlsin görsün, çox maraqlı yerdir.
- Burda daha çox yaşıllıqlar xoşuma gəldi. Yer gözəldir. Heyvanlar da maraqlıdır. İlk dəfədir gəlirik.
- Mən ikinci dəfədir zooparka gəlirəm. Birinci gəlişimdə bura heç də səliqəli deyildi, heyvanlar da az idi. İndi hər şey dəyişib. Məkan gözəlləşib. Bilirsiniz bura həm də maraqlıdır. Burdan bütün dostlarıma səslənirəm ki, gəlib istirahətlərini belə yerdə keçirsinlər, onsuzda həftəsonu evdə sıxılırlar. Ona görə bura gəlsinlər.
Zooparkda kassa hər gün səhər saat 10:00-dan axşam saat 17:30-a kimi açıq olacaq. Bu gün isə kassalar 15:00-dan açılacaq.
Bakı Zooloji Parkının icraçı direktoru Nəzakət İsayeva deyir ki, parka giriş qiyməti böyüklər üçün 5 manat, kiçiklər üçün 2 manat, şəhid ailələri üçün pulsuz, qazillər, I, II, III qrup Vətən müharibəsi əlilləri, şagird və tələbələr üçün güzəştli olacaq. 3 yaşa qədər uşaqlar isə pulsuz yararlana biləcəklər.
Yenidən qurulan Bakı Zooloji Parkında qapalı məkanlara giriş də COVID-19 pasportu tələb olunacaq: “Bakı Zooloji Parkında qapalı məkanlara, akvaterrariuma və restoranlara girişdə COVID-19 pasportu tələb olunacaq”.
Nəzakət İsayeva qeyd edib ki, zooparkın ərazisi iki dəfə böyüdülərək 4,25 hektara çatdırılıb.
Sevinc Vaqifqızı,
Üzeyir Ağayev,
APA TV