“Zorakılıq dedikdə təkcə fiziki yox, psixoloji zorakılıq da nəzərə alınmalıdır”

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalqa konfrans keçirilib. Konfransda dövlət orqanlarının vəzifəli şəxsləri, nazirlər, millət vəkilləri, xarici qonaqlar iştirak edib. Tədbirə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası istiqamətində görülən işlər barədə məlumat verilib, bu sahədə digər ölkələrin müsbət təcrübələrinə dair təqdimatlar edilib. Tədbirdə çıxış edən Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məişət zorakılığı ilə bağlı müraciətlərin son dörd ildə 3 dəfə artdığını bildirib. Daha sonra çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda 100-ü uşaq olmaqla 154 zorakılığa məruz qalan şəxsə sosial xidmət göstərildiyini bildirib. Onun sözlərinə görə, azyaşlı qızların təhsildən kənarlaşdırılması bu sahədə ən böyük riskdir. Nazir bildirib ki, təhsil bu sahədə ən güclü silah olmalıdır. Məişət zorakılığının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin önəmindən danışan Elm və Təhsil Naziri Emin Əmrullayev isə məktəblərdə məişət zorakılığı ilə bağlı ayrıca fənnin tədrisini doğru saymadığını deyib. Onun sözlərinə görə, çox aşağı yaşlardan fənlərin məzmununda zorakılığın formaları ilə bağlı maarifləndirmə aparılmalıdır. “Biz başa düşməliyik ki, bu mexaniki proses deyil, insan dəyərlərindən irəli gələn davranışdır. Koronavirus dövründə şagirdlər evdə qaldığı zaman onlara qarşı şiddət və zorakılıq faktlarını təsbit etmişik. Bu barədə müvafiq qurumlara məlumat vermişik və əməkdaşlığımız davam edir ” deyə nazir bildirib. Tədbirdə çıxış edən Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə zorakılıq dedikdə təkcə fiziki yox, psixoloji zorakılığın da nəzərə alınmalı olduğunu vurğulayıb. O bildirib ki, ölkəmizdə ictimai qınaq yoxdur. "Kiminsə yanında zorakılıq baş verdiyi halda gözünü yummamalıdır. İctimai qınaq güclənsə, belə əməllərin sahibləri başa düşərlər ki, onlar qəbul edilməyəcəklər". deyə Hicran Hüseynova əlavə edib. Tədbirdə çıxış edən BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva, BMT-nin qadınlara və uşaqlara qarşı məişət zorakılığı ilə bağlı Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib. O, həmçinin çıxışı zamanı evlilik yaşının həm kişi, həm də qadınlar üçün 18 yaş olmasını dəstəkləyib. Tədbir panel sessiyaları ilə davam edib. AYNUR QARA VÜSAL BAYRAMOV APA TV

Müəllif | Apa.Tv
Apa.tv