Cənnət hardadır? 3 qızı olan hər kəs Cənnətə düşəcəkmi?
"Cənnət" ərəb sözü olub, bağ, gizli yaşıllıq, insan gözündən uzaq olan bağçaların toplusu mənalarını verir". APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Elvüsal Məmmədov "Yaşıl orta" verilişində deyib. İlahiyyatçı "Qurani-Kərim"in "Rahmən" surəsinin 46-cı və 62-ci ayələrində adları çəkilən Ədn, Nəim, Firdovs və Məva cənnətləri haqqında da ətraflı məlumat verib: " Ayələrdə möminlərin üstün keyfiyyətlərindən söz açılır. Onlar üçün Cənnət bağının içərisində ən gözəl guşələr açılmışdır. Bu guşələr "Qurani-Kərim"də müxtəlif adlarla tanıdılır. Təfsir alimləri bildirir ki, Firdovs ən üstün cənnətdir. Möminin dərəcəsindən asılı olaraq, o dünyada ümumi Cənnətin içərisində ayrı-ayrı guşələr də vardır".
E. Məmmədov bildirib ki, Firdovs möminlər və yaxşı əməl sahibləri üçündür: "Qurani-Kərim"də Cənnətin təxminən 7-8 mərtəbəsi haqda məlumat verilir. Hədislərdən isə məlum olur ki, Cənnətin 100-ə yaxın mərtəbəsi var. Lakin onların hər birinin adı çəkilmir. "Qurani-Kərim"də isə qarşımıza 8 Cənnət mərtəbəsi çıxır. Cənnətin dərəcəsi artdıqca, gərək mömin də öz məqamını yüksəltsin ki, ona nail ola bilsin. Hz. Məhəmməd peyğəmbərimiz deyib ki, Cənnətin ən üstün mərtəbəsi Firdovs olacaq. Firdovs cənnətin ortası və ən yüksək yeridir. Odur ki, Allahdan istəyəndə Firdovs cənnətini istəyin".
İlahiyyatçının dediyinə görə, Firdovs hər şeyi özündə əhatə edən bağ deməkdir: "Yəni heç bir əksikliyi olmayan yerdir. Bəzi rəvayətlərə görə, Firdovsda daha çox üzüm bağları olacaq. Allah insanlara Cənnəti bizim başa düşəcəyimiz şəkildə təsvir edib. Şübhəsiz ki, Cənnət gözəldir. İnsan bu dünyada nəyi gözəl bilirsə, Allah da Cənnəti o üslubda təsvir edib. Orada insanın ağlına gələ bilməyəcək qədər gözəl nemətlər var. Peyğəmbərimiz deyib ki, o dünyada bu dünyadan yalnız adlar qalacaq. Hədisdə o da bildirilir ki, Cənnətin 8 qapısı var. Məsələn, cihad qapısından mücahidlər, namaz qapısından namaz qılanlar, zəkat qapısından zəkat verənlər keçəcək. Cənnətin qapılarından hər bir mömin keçə bilər. 8 qapının 8-dən də keçə biləcək möminlər var. Məsələn, Allah yolunda cihada çıxan, canını, malını Allah yolunda sərf edən kəslər istənilən qapıdan keçə bilər".
E.Məmmədov Cənnətə ilk daxil olacaq şəxslər haqqında da məlumat verib: "Bunlar kimsəsiz, arxasız, əzilən, zəif və təvazökar insanlar olacaq. İslamda belə bir qayda yoxdur ki, Cənnətə yalnız günahsızlar girəcək. İnsan təbiətən günaha meyillidir. Önəmli olan etdiyin günaha görə peşman olub Allaha əl açmaq, tövbə etməkdir. Cənnətə kimlər daxil olacaq? Savab əməlləri çox olan, günah işləsə də tövbə edən, Rəbbini tez-tez xatırlayıb özünü hesaba çəkənlər".
İlahiyyatçı 3 qızı olan valideynin Cənnətə düşəcəyi ilə bağlı hədisə də aydınlıq gətirib. O bildirib ki, söhbət 3 qızı dünyaya gətirməkdən getmir: "Hədisdə 3 qızı gözəl şəkildə tərbiyə edən ata-ana nəzərdə tutulub. Tərbiyə deyiləndə isə Rəbbani tərbiyə başa düşülməlidir. Əgər ata-ana Allahını tanımırsa, günah əməllərlə yaşayırsa, onlar necə saleh övlad tərbiyə edə bilərlər? Söhbət 3 saleh övlad böyütməkdən gedir. Mömini mömin yetişdirə bilər. Hədisə görə, 3 qızı gözəl tərbiyə edən mömin cənnətə düşəcək. Həm özü mömin olduğu, həm də 3 mömini yetişdirdiyi üçün ona belə bir mükafat veriləcək".
E.Məmmədov Cənnət və Cəhənnəmin qeyb aləminə aid olduğunu da yada salıb: "Qeybdə zaman, məkan anlayışı mövcud deyil. Odur ki, Cənnətin harada yerləşdiyini heç kim bilməz. Orada insanların 33 yaşda olacağı bildirilir. Cənnət sakinlərinin Adəm peyğəmbərin surətində, Yaqub əxlaqında, Yusif camalında olacağı haqda rəvayətlər var".