Bilmədiyimiz ən ağır günahlar hansılardı? Allah bu 3 günahı bağışlamayacaq...

"İlahi əmrlərə qarşı çıxan, həm dünyada, həm də axirətdə cəzası olan bütün əməllər günah sayılır". Bu sözləri APA TV-nin "Yaşıl orta" verilişində ilahiyyatçı Rövşən Məmmədov deyib. O, əlavə edib ki, Allaha üsyan etmək də günahlara daxildir: " "Qurani-Kərim"in "Nisa" surəsinin 31-ci ayəsində Allah belə buyurur: " Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq". Ayədən məlum olduğu kimi, günahlar böyük və kiçik olmaqla 2 yerə ayrılır. Dinin qadağan etdiyi, haqqında açıq dəlillər olan, bu dünyada və axirətdə cəzası olan əməllər böyük günah sayılır. Bunun xaricində olan günahlar kiçik günahlardır. Ən böyük günah Allaha şərik qoşmaqdır. Şirk, valideynlərə qarşı çıxmaq (istisnalar var), adam öldürmək, yetim malı yemək, faiz, iffətli qadınlara böhtan atmaq, sehr etmək, müharibədən qaçmaq, yalan yerə şahidlik etmək, ödənməsi mümkün olmayan borc yığmaq - bunlar böyük günahlara daxildir. Ən məşhur günah Allaha şərik qoşmaq və onu inkar etməkdir. Bu günahlardan çəkinmək lazımdır".

R.Məmmədov bildirib ki, əgər insan bu günahlardan təmizlənmədən Allahın hüzuruna gedərsə, Allah o günahın hesabını soruşar. İlahiyyatçı günahların 2 qrupa bölündüyünü də izah edib: "Allahın və insanların haqqı olan günahlar var. Məsələn, böhtan atmaq insan haqlarına aid əməldir. "Furqan" surəsində Allah bağışlanmayan 3 günahdan bəhs edir: Allah şərik qoşmaq, zina etmək və adam öldürmək. Lakin sidq ürəkdən tövbə edərsinizsə, Allahın bağışlamayacağı günah yoxdur. Onun rəhmətindən ümid kəsməmək lazımdır. İnsan Allaha şərik qoşmaq və inkar etmək istisna olmaqla, qalan günahları işlədiyi zaman kafir olmaz, dindən çıxmaz. Günahkar da mömin olaraq qalar. Günahların cəzasını Cəhənnəmdə çəkdikdən sonra Cənnətə daxil olar. Belə mömün Cəhənnəmdə əbədi qalmayacaq. Allaha şərik qoşan və inkar edənlər isə bu dünyadan tövbə etmədən köçərlərsə, Cəhənnəmdə əbədi olaraq qalacaqlar".

İlahiyyatçı ən böyük və Allahın bağışlamayacağı günah olan şirk haqqında da ətraflı məlumat verib: "Şirkin nə olduğunu bilmək üçün "Qurani-Kərim"in nazil olduğu dövrə baxmaq lazımdır. O zaman insanlar Allahın yerinə bütlərə sitayiş edirdilər. Allah məfhumu şüuraltında vardı, işləri çətinə düşən zaman göydəkinə yalvarırdılar. Amma şərik qoşurdular. Allahdan başqa kimin, ya nəyinsə qoruya biləcəyinə, yardım edəcəyinə inanmaq şirkdir. Vəzifə, şöhrət, gözmuncuğu da şirkə daxildir. Günahın günümüzdə ən yayğın forması budur: "Dərman içib sağaldım". Halbuki şəfa verən dərman deyil, Allahdır. Lovğalıq, təkəbbürlük də şirkin başqa formasıdır. Allahın təqdirinə üsyan etmək də günahdır".

R.Məmmədov gizli şirkdən də danışıb: "Riyakarlıq, ikiüzlülük də bu gün insanlar arasında ən geniş yayılmış böyük günahlardandır. İnsan harama baxarsa, yalan danışarsa, xoşagəlməz mühitdə olarsa, bunlar kiçik günahlara daxildir. Amma günah günahdır. Hər birindən çəkinmək lazımdır. Kiçik günahlar o qədər çoxalar ki, cəzası ağırlaşar. Zaman-zaman imanımızı zədələyirik. Günahlardan çəkinmək üçün imanımızı yeniləməliyik. Bütün günahların tövbəsi var. İnsan ölüm anında deyil, ölmədən öncə tövbə edərsə, Allah onun şirk günahını belə bağışlaya bilər. Həmçinin etdiyiniz xətaları başqalarının yanında da danışmayın. Günahlarınız sizinlə Allah arasında qalsın".

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR