Müsəlmanlar niyə xristianlardan geri qalır? İsa Məsih də müsəlman olub?

"İslam sonuncu İbrahimi, monoteist dinin adıdır. İslamla müsəlmançılıq məna olaraq, fərqli anlayışlardır. Biri nəzəriyyə, digəri isə dinin praktiki tərəfidir". APA TV-nin məlumatına görə, bu barədə ilahiyyatçı Dürdanə Cəfərli "Yaşıl orta" verilişində danışıb.

 

O bildirib ki, müsəlman özünü Allaha təslim edən şəxsdir: "Müsəlman özünü Allaha təslim edər və Onun əmrlərinə tabe olar. İslam dinin adı, müsəlmanlar isə bu dinin mənsublarıdır. Amma gəlin görək, bu gün müsəlmanlar nə dərəcədə İslamı yaşayırlar? Demək olar ki, İslamla müsəlmançılıq arasında uçurum yaranıb. Çox zaman belə bir sual da verilir ki, İslam tərəqqi dinidirsə, nə üçün müsəlmanlar xristianlardan geri qalır? Əvvəlcə onu qeyd edək ki, İslam gerçəkdən inkişafı dəstəkləyir. Dinimizdə müsəlmanları inkişafdan saxlaya biləcək heç bir məhdudiyyət yoxdur. Bugünkü nəticənin səbəbləri din deyil, müsəlmanlardır".

 

İlahiyyatçının sözlərinə görə, islam dünyasının geridə qalmasının səbəbi müsəlmanlardır: "Dövrümüzün müsəlmanları islamı həyatlarından çıxarıblar. Praktikada "Qurani-Kərim"in dediyi müsəlmançılıq yaşanmır. İslamı yaşamadığımız, Allahın əmrlərinə tabe olmadığımız halda necə dini təqsirləndirə bilərik? Bu bir gerçəkdir ki, müsəlmanlar elmdə, texnikada və digər sahələrdə geri qalırlar. Tarixə nəzərə salsaq görərik ki, xristianlar elmi kilsədən ayırandan sonra inkişaf etdilər. Müsəlmanlar isə islamdan uzaqlaşaraq tənəzzülə uğradılar".

 

D.Cəfərli əlavə edib ki, XVI əsrədək müsəlman dünyasında böyük tərəqqi dövrü olub: "Bir zamanlar elm də, inkişaf da islam toplumlarında idi. İngiltərədə Mançestr Universitetində fəaliyyət göstərən bir alimin "Dünyamızda islam mirası olan 1001 ixtira" adlı kitabı nəşr olundu. 2006-cı ildə dərc edilən bu kitabda müsəlmanların XVI əsrədək əldə etdiyi nailiyyətlər, ixtiralar yer alıb. Müsəlmanlar islamdan uzaqlaşdığı andan tənəzzülə uğramağa başladılar. Xristianlıqda dini elmdən ayırdılar, çünki mane olurdu. İslamda isə belə bir addıma ehtiyac yoxdur. Çünki dinimizdə elmə zidd heç bir amil yoxdur. "Qurani-Kərim"də bir çox ayələr var ki, müsəlmanları düşünməyə dəvət edir. Din müsəlmanı elmə dəvət edir. Müsəlman isə mövhumata meyl edir. İslam toplumlarında olan dini xurafat göz önündədir".

 

İlahiyyatçının sözlərinə görə, bu gün islamı olduğu kimi yaşayan müsəlman tapmaq çox çətindir: "Demək olar ki, həyatımızda islamın yalnız adı qalıb. Kəlmeyi-şəhadəti deyən hər kəs müsəlmandır. Əgər müsəlman dinin əmrlərini yerinə yetirmirsə, yenə müsəlmandır, amma pis nümunədir. Müsəlmançılıqdan danışanda islamın ilk əsrlərinə də nəzər salmalıyıq. O dövrkü müsəlmanlarla indiki müsəlmanlar arasında böyük fərq var. Onlar fədakar idilər. İslamla şəxsi mənafeləri toqquşan zaman dini seçirdilər. Dinimiz vəhdəti tövsiyə etdiyi halda bu gün müsəlmanlar neçə yerə parçalanıb. Camaat, Cümə namazlarının, Həcc mərasimin bir mahiyyəti də insanları bir yerə toplamaqdır. İslam bu qədər ictimai dindir".

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR