İslam hansı sevgini qadağan edir? Bu cür sevənlər ayrı düşür...
"Dinimizdə "Allah rizası" deyiləndə, dəyərlərin üstündə olan bir dəyər nəzərdə tutulur. Dünya evində bizə böyük görünən, əslində isə qısa olan ömrümüzdə Allahın razılığını qazanmağa çalışmalıyıq". APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Ağa Hacıbəyli "Yaşıl orta" verilişində deyib. O bildirib ki, hər kəsin ömrünün sonu bir gerçəklə bitir: "İnsan bu dünyadan ya Allah rizasını qazanıb, ya da qazanmadan köçür. Müsəlman hər gün bu sualları düşünməlidir: Mən Allah rizasını qazanmaq üçün nə edirəm və etməliyəm? Ömrümüzün hər gününü bu sualları düşünərək keçirməliyik. Bəzən insanlar tövbəni, ibadəti yaşlanacağı vaxta saxlayırlar. Halbuki, ölümün yaşı yoxdur. Ölümün qapımızı nə zaman döyəcəyi məlum deyil. İnsan hər an üçün hazır olmalıdır. Bilməliyik ki, tövbəni təxirə salan, bizi Allahın əmrlərindən uzaqlaşdıran İblisdir. Sevgili peyğəmbərimiz Hz. Məhəmməd buyurur ki, iki qolunuzun arasında əfi düşmənimiz olan nəfs var! O insanları daxildən çökdürür, hər zaman pis əməllərə dəvət edir. Hər kəs öz nəfsini hesaba çəkməli və çəkməyi bacarmalıdır".
İlahiyyatçının sözlərinə görə, Allah rizasını qazanmaq üçün mübarizə aparmaq lazımdır: "Allahın rizasını qazanmaq Rəbbin rəhmətini, əbədi həyatı qazanmaq deməkdir. Bu dünya ruhumuza geyindirilmiş ət və qandan ibarət libasdır. Yaradanın rizasını qazanan insanlar axirətdə Rəbbin hüzuruna çıxacaqlar. İman gətirən kəslər bütün qəlbi və ruhu ilə bu istiqamətə yönələrlər. Hətta İblis belə Cəhənnəmi inkar etmir. O əxlaqından doğan küfr ilə haqqa qarşı mübarizə aparır".
A. Hacıbəyli insanların bu dünyada müsafir olduğundan da danışdı: "Biz iki yoxluğun arasındakı körpüdə qonağıq. Müsafir olduğumuzu unutmamalıyıq. Kainat saraydır, biz Allahın qonaqlarıyıq. 100 ildən çox yaşayan Həzrəti Nuh olub. Onun 950 il sadəcə təbliğ dövründən bəhs olunur. O peyğəmbərdən bu dünya haqqında soruşanda deyib ki, sadəcə bir qapısından girib, o biri qapısından çıxdım. Allah böyükdür, kainat isə kiçikdir. Bütün dərdlər, müsibətlər kiçik, Allah isə böyükdür".
İlahiyyatçı əlavə edib ki, insan yalnız ibadətlə Allah rizasını qazanacağını düşünürsə, bir az uduzmuş olar: " Allah rizası yalnız ibadətlə məhdudlaşmır. Biz Allahı razı salmağı peyğəmbərimizdən öyrənməliyik. Hədisdə deyilir ki, Rəbbimiz rizasını saleh əməllərin, qəzəbini isə pis əməllərin içərisində gizlədib. Rəbbim rizasını qazanmaq istəyən xeyir əməlləri üstünlük verməlidir. Niyyət də önəmlidir. O qədər insanlar var ki, göstəriş üçün xeyirxah işlər görərlər. Halbuki, məqsədimiz Yaradanı razı salmaq, Onu məmnun etməkdir. Buna insanların qəlbini sevindirmək, əlindən tutmaq, xəstəyə yardım etmək, tələbə oxutmaq kimi yaxşı işlərlə nail olmaq mümkündür".