"Facebook"da nələr haramdır? Müsəlman vegeterian ola bilərmi? Halal bildiyimiz haramlar...
"İslamda halal və haram çərçivəsi Allahın ölçüsünə görə müəyyən edilir". APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Aslan Həbibov "Yaşıl orta" verilişində deyib. O bildirib ki, halal-haram anlayışı Allahın kitabına, peyğəmbərin sünnəsinə və ağla əsasən müəyyən edilir: "Bu prinsiplərə qiyas deyilən müqayisəni də əlavə edənlər var. Amma başlıca olaraq, Allahın kitabı və Hz.Məhəmmədin sünnəsi əsas götürülür. Nəyin halal və ya haram olması qərarını şübhəsiz ki, Allah verir. Əslində bu kifayət qədər geniş mövzudur. Əgər söhbət qidadan gedirsə, bir məsələyə də diqqət yetirməliyik. Özlüyündə haram olan və birdə başqa səbəblərdən halal olmayan qidalar var. Məsələn, dana əti halaldır. Amma onu Allahdan başqasının adı ilə, yaxud da "bismillah" demədən kəssəniz, ət haram sayılar. Həmçinin islama uyğun bir şəkildə kəsilməyən dananın da ətini yemək olmaz. Yəni həm ət özlüyündə halal olmalıdır, həm də dinimizin buyurduğu qaydalara əməl edilməlidir".
İlahiyyatçı əlavə etdi ki, qida ilə bağlı islam məzhəbləri arasında fərqliliklər var: "Məsələn, bütün məzhəblər dəvə ətini halal qəbul edir. At əti də haram deyil, amma məkruh sayılır. Dovşan əti "Əhli-beyt" məktəbinə görə haram, digər məzhəblərə görə isə halal sayılır. Həmçinin balıqla bağlı da fikir müxtəlifliyi var. Məsələn, "Əhli-beyt" məktəbi yalnız pullu balıqları yeməyə icazə verir, amma digər məzhəblərdə belə bir şərt yoxdur, pulsuz balıqlar da yeyilə bilər. Krivetkanı yeməyə icazə verilir. Xərçəng "Əhli-beyt" məktəbində haram sayılsa da, yeməyə icazə verən məzhəblər var".
A.Həbibov islamın insan həyatına verdiyi dəyər haqqında da danışdı. O bildirdi ki, dinimiz insanın canına və malına böyük önəm verir: " Hətta birisi malını, canını müdafiə edərkən dünyadan köçərsə, şəhid sayılır. İslam insan həyatına bu qədər əhəmiyyət verir. İnsanın yaşaması önəmlidir. Məsələn, birisi acından ölməmək üçün haram məhsullardan həddi aşmadan yeyə bilər. Yəni insan görsə ki, yeməyə halal heç nə yoxdur. Acından ölməmək üçün haramlardan yeyə bilər. Amma bu məcburiyyət başqasını hüququna ziyan verməyəcək həddə olmalıdır".
İlahiyyatçı onu da qeyd etdi ki, islamda zahir əsas götürülür: "Bir müsəlmandan mal alırsınızsa və o da halal olduğunu deyirsə, həmçinin o şəxsin əleyhinə dəliliniz yoxdursa, həmin məhsulu yeyə bilərsiniz. Əgər halal adı ilə aldığınız məhsul əslində haramdırsa, buna görə sizə günah yazılmayacaq. Amma burada bir məqama da diqqət yetirmək lazımdır. İslamda fətva və təqva ayrı anlayışlardır. Halal adı ilə qəbul etdiyiniz haram sizə günah qazandırmasa da, ruhunuzu çirkləndirəcək. Təqva nədir? Təqva şübhəli bilinən şeylərdən də çəkinməkdir. Peyğəmbərimiz belə buyurur: "Halal və haram bəllidir. Bunların ikisi arasında olan şübhəli şeylərdir. Şübhəli şeylər ətrafında dolandıqca, harama girmə ehtimalı var". "Halal" adı ilə satılan kolbasalar var. Əgər məhsulun halal olmasında şübhəniz varsa, tam əmin deyilsinizsə, o qidalardan çəkinin".