Sınıq güzgü bədbəxtlik gətirirmi? Tək-cüt səbrə inanmaq hansı ağır günaha səbəb olur? Bilmədiyimiz həqiqətlər...
"İslamda xurafat bidət kəlməsi ilə eyni işlədilir". APA TV-nin məlumatına görə, bu barədə ilahiyyatçı Eldəniz Salmanov "Yaşıl orta" verilişində danışıb. O bildirib ki, islamda olmayan, dindən xaric adət-ənənələr xurafat sayılır: "Bura əvvəlki cahiliyyət dövrünün ənənələri, insanların sonradan əlavə etdikləri uydurmalar, digər dinlərə aid ayinlər daxildir. Məsələn, qara pişik, at nalı, bayquşla bağlı inanclar mövhumatdır. Bunların islama heç bir aidiyyatı yoxdur".
E.Salmanovun bildirdiyinə görə, islamda düşər-düşməz anlayışı da yoxdur: "Bu inanc şirkdir. Bildiyiniz kimi Allaha şərik qoşmaq ən ağır günahlardan biridir. Hansısa əşyanın, yaxud da canlının düşər-düşməzliyinə inanmaq günah sayılır. Hətta buna etiqad edən şəxs dindən çıxmış olur. Bu qədər ağır günahdır. Tarixə nəzər salanda görürük ki, bu və buna oxşar inanclar ərəb cəmiyyətində cahiliyyət dövründə olub. Məsələn, ərəblərin inancına görə, bayquş kimin həyətində ulayarsa, o evin sahibi öləcək. Bu inanc bizim cəmiyyətimizdə də var. Müsəlman belə etiqadlardan uzaq olmalıdır. Allah rəsulu hər növ xurafatı qəti şəkildə qadağan edib".
İlahiyyatçı qeyd etdi ki, islamın əsaslarını öyrənən müsəlmanlar heç zaman xurafata meyl etməzlər: "Mövhumatın qarşısını almaq üçün dini maarifləndirməyə ehtiyac var. İnsanlar islamı bilmədikləri üçün dinlə xurafatı qarışdırırlar. Bu gün islamı öyrənmək çox asandır. İnternetdə kifayət qədər dinə aid kitablar var. İslam hüququndan tutmuş tarixinədək hər mövzuda ədəbiyyatı əldə etmək olar. Dini bilgisizliyin nəticəsidir ki, bəzi ailələrdə hələ də Allaha "baba" deyə müraciət edirlər. Halbuki bu da günahdır. Bəzən talisman adı ilə müxtəlif əşyalar saxlayırlar. Hansısa əşyanın uğur gətirəcəyinə inanmaq da olmaz. Müsəlman unutmamalıdır ki, kömək edən və qoruyan yalnız Allahdır!"
Mövzu ilə bağlı filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayeva da fikir bildirdi. O qeyd etdi ki, xurafatla ən kəskin mübarizə dövrü XIX əsrə təsadüf edir: "Biz bəzən deyirik ki, günümüzdə mövhumat o qədər çoxalıb ki, sanki XIX əsrdə yaşayırıq. Amma diqqət etsək görərik ki, o dövrdə maarifçiliyin təbliği, xurafata qarşı mübarizə indikindən daha güclü idi. Eyni xurafatdır. Biz qiyafə etibarı ilə dəyişmişik. Bu gün də islam elmi, fəlsəfəsi əvəzinə xurafat təbliğ olunur. Bir məsələni qeyd etmək istəyirəm. Dünya şöhrətli şərqşünas Mirzə Kazım bəyin atası Qafqazın şeyxi olduğu halda o 15 yaşında şotland missionerlərinin təsiri altında xristianlığı qəbul edib. Amma onun yaradıcılığı islam dini və fəlsəfəsi, "Quran"la bağlı olub. Mirzə Kazım bəy özünü günahkar hiss edir və məktublarında yazırdı ki, məni dindən "Quran" deyil, dini təmsil edən adamlar, yalançı mollalar uzaqlaşdırdı".
İ. Musayeva əlavə etdi ki, insanlar yaxın çevrədə, qonşuluqda olan kasıblara əl tutmur, uzaq məsafələr qət edib, hansısa pirə nəzir verirlər: " Yol boyu pirlər var. Hamı ayaq saxlayıb, nəzir qutularına pul atır. O pulların kimə çatdığı da məlum deyil. Daha yaxşı olardı ki, nəziri tanıdığımız ehtiyac sahiblərinə verək. Biri maşın tutub, kilomertlərlə yol gedib pirdə qurban kəsir. Ətini də oradakı bir qrup adama paylayır. Halbuki aylarla ət yeməyən qonşusu var. Bir addımlığında olanı nəzərə almır, gedib ucqar bir yerdə hansısa ağacın, binanın yanında qurban kəsir. Bu xurafatın patoloji halıdır. Bundan böyük cahillik var?"
Tənqidçi bildirdi ki, xurafata qarşı mübarizədə din adamları da iştirak etməlidir: "Mirzə Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalı Məşədi Ələsgər Bağırovun maliyyəsi ilə çap olunurdu. O jurnal islama deyil, xurafat qarşı mübarizə aparırdı. 1931-ci ildə jurnalın Allahsızlar Cəmiyyətinin orqanı kimi çap olunmasna çalışdılar. Amma Mirzə Cəlil bununla razılaşmadı və jurnaldan imtina etdi. Çünki o heç zaman islamın əleyhinə olmayıb".