Cəhənnəm Günəş, yaxud da başqa ulduz ola bilərmi? Bu səsi eşidən hər kəs öləcək...

Cəhənnəm Günəş, yaxud da başqa ulduz ola bilərmi? Bu səsi eşidən hər kəs  öləcək...

 

"Hesab günü önəmli və maraqlı olduğu qədər də çox ağır mövzudur. Hətta peyğəmbərimiz bu mövzudan bəhs edərkən həyəcanla danışardı. Bəlkə də ümməti üçün narahatçılıq keçirirdi". APA TV-nin məlumatına görə, bu barədə ilahiyyatçı, Milli Tolerantlıq Mərkəzinin direktoru Elmin Əliyev "Yaşıl orta" verilişində danışıb. O bildirib ki, Qiyamət İsrafil adlı mələyin suru üfürməsi ilə başlayacaq: "Surun 2 və ya 3 dəfə çalınması ilə bağlı rəvayətlər var. Sur birinci dəfə çalınanda, Yer üzündəki bütün insanlar, canlılar öləcək. İkinci dəfə Sur üfürüləndə isə ölmüş bütün insanlar diriləcək, qəbirlərdən qalxacaqlar. Haqq-hesab çəkilməsi üçün ölülərə ruhları geri veriləcək".

 

E.Əliyev qeyd etdi ki, sur alətin adıdır: " "Qurani-Kərim"də bu alət haqqında başqa bir məlumat yoxdur. Lakin hədislərdə müəyyən qədər bilgilər var. İnsanlar peyğəmbərimizdən sur haqqında soruşurdular. Hz. Məhəmməd isə suru buynuz, yaxud da boru şəklində təsvir edirdi. Hədislərə görə, bu alətin çox böyük ölçüsü var. Hətta bütün aləmlər içərisinə yerləşə bilər. İnsanlar qəbirlərdən qalxıb, toplu şəkildə Məhşərə toplanacaqlar. Hər kəs dəhşət və vahimə içində olacaq. Təsəvvür edin ki, bir zəlzələ baş verən zaman insanlar necə təlaş içində olur, başlarını itirirlər. Birdə bütün canlıların diriləcəyi anı, zəlzələdən qat-qat vahiməli hadisəni  təsəvvür edin".

 

İlahiyyatçı dirilən insanlara yenidən bədən və ruh veriləcəyini də bildirdi:"Sorğu-sualın necə keçəcəyinə dair ətraflı məlumat yoxdur. Amma heç kəsə zərrə qədər ədalətsizlik olunmayacağı dəqiqdir. Bu barədə uca Allah "Qurani-Kərim"də də bildirir. Hər kəsə əməlinin tam qarşılığı veriləcək. Savabın qarşılığı mükafat, günahın qarşılığı isə cəza olacaq. Birinci və ikinci sur arasında müəyyən vaxt keçəcək. İkinci surla böyük məhkəmə günü arasında isə gözləmə müddəti olacaq.  Bu müddət də günahkarlar üçün çox əzablı keçəcək. Sorğu-sualın başlanması üçün hər ümmət öz peyğəmbərinə müraciət edəcək. Peyğəmbərimiz məhkəmənin başlanmasını sürətləndirmək  üçün şəfaətçi olacaq. Hədislərə görə, ilk dirilən Hz. Məhəmməd peyğəmbər olacaq".  

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR